Gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılarla görüşüb.
İdman.Biz xəbər verir ki, İdman Akademiyasında keçirilən görüşdə “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülən şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim olunub. Daha sonra beynəlxalq arenalarda əldə edilən nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.
Nazir Fərid Qayıbov çıxışında Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, onları və məşqçilərini təbrik edib.
O bildirib ki, avqust ayında beynəlxalq yarışlarda Azərbaycanın Dövlət Himni 14 ölkədə səsləndirilib. Həmin müddətdə idmançılarımız ümumilikdə 63 qızıl, 72 gümüş və 72 bürünc medal qazanıblar.
Görüşdə bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.
Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.
