Keçmiş dünya çempionu uşaqlara qarşı seksual zorakılıqda təqsirli bilindi

25 Avqust 2026 19:25
99
Keçmiş dünya çempionu uşaqlara qarşı seksual zorakılıqda təqsirli bilindi

Snuker üzrə 2006-cı ilin dünya çempionu Qrem Dott iki azyaşlıya qarşı seksual xarakterli əməllərdə təqsirli bilinib.

İdman.Biz xəbər verir ki, BBC-nin məlumatına görə, Qlazqodakı Ali Məhkəmədə keçirilən beşgünlük prosesin sonunda andlılar 49 yaşlı Qrem Dottu 1993–2010-cu illərdə bir qız və bir oğlana qarşı törədilmiş seksual xarakterli cinayətlər üzrə təqsirli biliblər.

Dott ittihamları rədd edib və məhkəmədə heç kimə qarşı qeyri-adekvat davranmadığını bildirib. Bununla belə, məhkəmə materiallarında 1990-cı illərdə onun ibtidai məktəb yaşında olan bir qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi, 2006–2010-cu illərdə isə azyaşlı oğlana qarşı zorakılıq törətdiyi qeyd olunub.

İş üzrə zərərçəkmiş qadın məhkəmədə Dottun ona qarşı müxtəlif vaxtlarda seksual xarakterli hərəkətlər etdiyini bildirib. Digər zərərçəkmiş isə zorakılığın təxminən səkkiz yaşında olarkən başladığını ifadə edib.

Hadisələrdən biri ilə bağlı polis hələ 2001-ci ildə araşdırma aparsa da, həmin vaxt rəsmi ittiham irəli sürülməyib. İstintaq 2025-ci ildə zərərçəkmiş şəxsin yenidən ifadə verməsindən sonra bərpa olunub.

Şotlandiya polisinin detektiv-inspektoru Qari Smilli Dottu “təhlükəli şəxs” adlandırıb və hökmün zərərçəkmişlər üçün müəyyən mənada təsəlli olacağına ümid etdiyini bildirib.

Qrem Dott 2006-cı ildə Şeffilddə keçirilən dünya çempionatının finalında Piter Ebdonu məğlub edərək karyerasının yeganə dünya çempionluğunu qazanıb.

Dünya Peşəkar Bilyard və Snuker Assosiasiyası (WPBSA) məhkəmə qərarından sonra Dottun təşkilatdakı üzvlüyünün dərhal və ömürlük ləğv edildiyini açıqlayıb. Qurum həmçinin World Snooker Tour-a müraciət edərək onun WST Şöhrət Zalından çıxarılmasını tələb edib.

Dott hələ 2025-ci il aprelin 9-da məhkəmə prosesi yekunlaşanadək bütün peşəkar snuker fəaliyyətindən uzaqlaşdırılmışdı. O, hökm elan edilənədək həbsdə saxlanılacaq.

İdman.Biz
Məqalədə: