Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadovun İdman.biz saytına müsahibəsi
- Çin Döyüş Növləri Assosiasiyasında işlər necə gedir? Hansısa yeniliklər var?
- 2023-cü il iyun ayının 13-dən etibarən Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunaraq idman federasiyası status alıb. Bu Assosiasiyada Azərbaycanda fəaliyyət göstərən 3 idman növü – uşu, kunq-fu və vinq çun birləşib. Əsas məqsəd bu idman növlərinin Azərbaycanda sıx əməktaşlığını eyni zamanda yüksək səviyyədə inkişafına nail olmaqdır.

- Artıq 3 idman növünə nəzarət edirsiz. Bu çətin deyil?
- 2018-ci ildən Azərbaycan Vinq Çun Federasiyasının prezidentiyəm. Təbii ki, işlər çox çətindir. Əvvəl 1 federasiyanı idarə edirdiksə, hazırda bunların sayı üçdür. Bu növləri beynəlxalq yarışlara yollamaq, daxili yarışların keçirilməsi, tədbirlərin keçirilməsi yorucu və çətin olur, amma xoşdur.
- 3 döyüş növünün bir assosiasiyada birləşməsindən sonra yarışların hamısında iştirak edə bilirsiz?
- Açığı, Gənclər və İdman Nazirliyinin apardığı idman siyasəti onu göstərdi ki, fəaliyyət göstərməyən, statusu tanınmayan digər federasiyalar sıradan çıxdı. Fəal olanlara isə dəstək çoxaldı. Yarışlarda iştiraka gəldikdə, bəzən limitdən artıq olduqda onu öz və ya sponsorların hesabımıza beynəlxalq turnirlərə aparırıq. Hazırda bizə dəstək olan qurumlar var. Bundan əlavə, Çin səfirliyi ilə də yaxşı əlaqələrimiz çox yaxşıdır.

- Uşunun Olimpiya növlərinə daxil olunması gözlənilir. Bu idman növünün gələcəyini necə görürsüz? Olimpiya proqramına salınarsa, gələcəkdə yenidən müstəqil federasiya kimi fəaliyyətini bərpa edə bilər?
- Azərbaycanda Çin Doyüş Növləri Assosiasiyası adı altında birləşsək də, hər 3 idman növünün beynəlxalq təşkilatlarda rəsmi nümayəndəliyi var. 2026-cı ildə uşu gənclərin Yay Olimpiya Oyunlarının proqramında yer alıb. Ehtimal var ki, Olimpiya idman növü olacaq. Onu isə zaman göstərəcək. Bu baş versə belə assosiasiya altında fəaliyyətinə təsir göstərməyəcək.
- Gələcək planlarınız və hədəfləriniz nədir?
- Aprelin 26-27-də Bakıda Çin döyüş növləri üzrə beynəlxalq festival keçiriləcək. Gənclər və İdman Nazirliyi və Çin səfirliyi bizə bu işdə dəstək olacaq. Festivalın əsasnaməsi hazırlanır. Bu, ilk yarışımız olduğu üçün yaxın ölkələr dəvət ediləcək. Hər 3 növ üzrə yarışlar keçiriləcək.
Emin Ağa
İdman.biz
