“Neftçi” İK-nın idmançıları 2025-ci ildə 1172 medal qazanıblar

Xəbərlər
22 Yanvar 2026 19:19
36
“Neftçi” İK-nın idmançıları 2025-ci ildə 1172 medal qazanıblar

2025-ci il ərzində “Neftçi” İdman Klubu neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə mütəmadi yarışlar təşkil etməklə yanaşı, peşəkar idmançıların yetişdirilməsi istiqamətində də uğurlu fəaliyyət göstərib.

Klubdan İdman.Biz-ə verilən məlumata görə, ötən il ərzində klubun strukturunda fəaliyyət göstərən idman qurğularında 26 idman növü üzrə 117 peşəkar məşqçinin rəhbərliyi altında 2000-dən çox yeniyetmə və gənc, həmçinin yüzlərlə neftçi mütəmadi olaraq idmanla məşğul olub.

Bu barədə klubun ötən ilin yekunlarına həsr olunmuş tədbirində deyilib.

2025-ci ildə klub tərəfindən SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində stolüstü tennis, nərd, şahmat, 3x3 basketbol, voleybol, üzgüçülük, kamandan oxatma, minifutbol, çimərlik voleybolu, velosiped, atletika, bilyard və atıcılıq idman növləri üzrə turnirlər təşkil olunub.

Keçirilmiş bu yarışların nəticələrinə əsasən, SOCAR-ın həmin idman növləri üzrə yığma komandalarının heyəti müəyyən olunub və bu komandalar ilboyu Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçirilən 18 yarışın hər birində iştirak ediblər. Təmsilçilərimiz bu turnirlərdə uğurla çıxış edərək 14 idman növündə 6-sı qızıl, 10-u gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 26 medal qazanıblar.

Əməkdaşları ilboyu Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bütün turnirlərdə inamla çıxış edən SOCAR, ilin sonunda dövlət qurumları arasında ikinci yeri tutub.

Klubun yetirmələri VI İslam Həmrəyliyi Oyunlarında, ölkəmizdə keçirilmiş III MDB Oyunlarında, yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda 411-i qızıl, 314-ü gümüş, 447-si bürünc olmaqla 1172 medala sahib çıxıblar.

“Neftçi” İdman Klubunun basketbol komandası 2024/2025 mövsümündə Azərbaycan çempionatında ikinci yeri tutub və tarixində ilk dəfə FIBA Avropa Kubokunun qrup mərhələsində çıxış edərək, bu mərhələni 9 xalla başa vurub. Futzal komandası isə ötən mövsüm Yüksək Liqada bürünc mükafat qazanıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş “İlin idman yekunları” adlı tədbirində müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. “Neftçi” İdman Klubu ilin “Ən yaxşı idman klubu” nominasiyasında ikinci yeri tutub.

Klubun təmsilçiləri - Jalə Əliyeva ilin ən yaxşı qadın, Həsrət Cəfərov isə ən yaxşı kişi idmançısı adına layiq görülüblər. Digər idmançımız İsa Rüstəmov isə ilin ən yaxşı idmançıları arasında üçüncü olub. Sevindirici haldır ki, İlin “ən yaxşı paralimpiyaçısı” nominasiyasında hər üç mükafata “Neftçi” İdman Klubunun təmsilçiləri layiq görülüb: İlham Zəkiyev birinci, Raman Saley ikinci, Kamran Zeynalov isə üçüncü yeri tutub.

İdman.Biz