Beynəlxalq idman liderləri Bakıda toplaşacaq - FOTO

Xəbərlər
21 Yanvar 2026 12:34
56
Beynəlxalq idman liderləri Bakıda toplaşacaq - FOTO

Bu ilin 24-28 may tarixlərində Bakı dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan “SportAccord” Konvensiyasına ev sahibliyi edəcək.

İdman.Biz xəbər verir ki, qlobal idman ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyan tədbir Azərbaycan paytaxtını beynəlxalq idman dialoqunun mərkəzinə çevirəcək.

Hazırda Konvensiya üçün “Early Bird” (erkən qeydiyyat) mərhələsi davam edir. 31 yanvar tarixinədək qeydiyyatdan keçən iştirakçılara xüsusi və endirimli şərtlər təklif olunur.

Qeyd edək ki, SportAccord Olimpiya və qeyri-Olimpiya beynəlxalq idman federasiyalarını birləşdirən yeganə qlobal çətir təşkilatıdır. Hər il keçirilən SportAccord Konvensiyası beynəlxalq federasiyaların rəhbərlərini, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini, aparıcı yayımçıları, texnologiya və idman sənayesi şirkətlərini bir araya gətirən əsas beynəlxalq platforma kimi tanınır.

Bakıda keçiriləcək Konvensiyanın əsas tədbirləri Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Qafqazın ən böyük konqres mərkəzi olan Bakı Konqres Mərkəzi iştirakçılara yüksək səviyyəli peşəkar mühit, beynəlxalq şəbəkələşmə (networking) və sərgi imkanları təqdim edəcək.

SportAccord 2026 yalnız beynəlxalq nümayəndələr üçün deyil, eyni zamanda Azərbaycanın idman federasiyaları, klub rəhbərləri, idman marketinqi və media mütəxəssisləri, eləcə də gənc idman liderləri üçün qlobal idman elitası ilə birbaşa əlaqə qurmaq baxımından mühüm fürsət yaradacaq.

Bununla yanaşı, yerli şirkət və təşkilatlar üçün tərəfdaşlıq və sərgi imkanları da mövcuddur. Bu platforma brendlərin özlərini qlobal idman elitası qarşısında təqdim etməsi və yeni beynəlxalq əməkdaşlıqlar qurması üçün unikal imkan sayılır.

2026-cı ildə dünya idman elitasının diqqəti Bakıya yönələcək. Bu fürsəti qaçırmamaq tövsiyə olunur.

Ətraflı məlumat və qeydiyyat:

www.sportaccord.sport/2026-conv/

İdman.Biz