6 qat Avropa çempionumuz: “Qazandığım gümüş medal ən yaddaqalandır” - MÜSAHİBƏ

Müsahibə
20 Dekabr 2023 15:17
323
6 qat Avropa çempionumuz: “Qazandığım gümüş medal ən yaddaqalandır” - MÜSAHİBƏ

Azərbaycan millisinin 6 qat Avropa çempionu olan uşuçusu Elçin Eminovun İdman.biz saytına müsahibəsi

- İstanbulda keçirilən Avropa çempionatında 6-cı dəfə Avropa çempionu tituluna yiyələndin. Yarışı necə dəyərləndirərdin?

- Avropa çempionatı yüksək səviyyədə keçdi. Türkiyədə bu idman növünə maraq böyükdür. Turnirdə 1000-ə yaxın idmançı iştirak edirdi. Biz burda əsasən gənclərə şans vermişdik. Çünki gələn il yığmamızı Buruneyda gənclər arasında dünya çempionatı gözləyir.

- Döyüşlərindən ən çətini kimə qarşı oldu?

- Yarış mənim üçün çətin oldu. ABŞ-da keçirilən dünya çempionatından yenicə qayıtmışdım. Avqustdan bu günə kimi 4 mötəbər turnirdə çıxış etmişəm. Avropa çempionatında bütün rəqiblərim güclü idi. Finalda yerli idmançıya qarşı gərgin döyüş keçdi. İlk raund başa-baş gedirdi. Ondan cəmi 2 xal öndə idim. İkinci hissədə ayağımı tutmaq istəyərkən zərbəm çənəsinə dəydi və nokauta düşdü. O, final yolunda ermənistanlı idmançını məğlub etmişdi. Onunla görüşmək istəsəm də, qismət olmadı. Əsas 6-cı dəfə Avropa çempionu olmağımdır.

- Avqustdan sonra 4 turnirdə iştirak etdiyinizi bildirdiz. 2023-cü ili özün üçün uğurlu sayırsan?

- Bəli. Dünya çempionatında medal qazanmağı çoxdan gözlədiyim. 4 ardıcıl yarış ərəfəsində çəkimi 17 kq azaltdım. Dünya çempionatında bürünc medal qazanıb, gələn il Avstraliyada keçiriləcək mundiala lisenziya əldə etmək çox sevindiricidir. Sonda da Avropa çempionluğu ilə nidanı qoydum.

- Artıq 32 yaşın var. Neçə yaşına qədər döyüşməyi düşünürsən?

- Hələ ki, karyeramı bitirməyi düşünmürəm. Diqqətimi qarşıdakı Dünya Kubokuna yönəltmişəm. Ondan sonra 2025-ci ildə yenidən mundial olacaq. Əgər məşqçilər və federasiya etimad göstərsə, orda da döyüşmək istəyərəm.

- Uşu ölkəmiz üçün spesifik idman növü deyil. Amma Azərbaycanda kifayət qədər sevilir. Səncə bunun əsas səbəbi nədir?

- Olimpiya idman növü olmasa da, dünyada uşuya maraq çoxdur. Biz döyüşkən xalq olduğumuz üçün uşunu daha çox sevirik. Burda əl, ayaq zərbələri var, güləş fəndləri var. Bizim gənclər bu növü başa düşdükcə həvəsləri bir qədər də artıq. Çox sevindirici haldır ki, 2026-cı ildə uşu gənclərin Olimpiya Oyunları proqramına daxil edilib.

- Sənin üçün yadda qalan ən unudulmaz medalın hansıdır?

- Ən unudulmaz medalım 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında qazandığım “gümüş”dür. Səbəb isə 2015-ci ildə İndoneziyada keçirilən dünya çempionatında Qırğızıstan idmançısı mənim fəxri kürsüyə yüksəlməyimə mane olmuşdu. 2017-ci ildə Bakıda onu ilk döyüşümdə məğlub etdim. Həmin turnirdə mənim çəkimdə ən güclülərdən olan indoneziyalı üzərində də qələbə qazandım. Bu səbəbdən də qazandığım gümüş medal ən yaddaqalandır.

Emin Ağa
İdman.biz

Məqalədə: