Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin (ICSD) prezidenti Kosa Adam Azərbaycan Deflimpiya Komitəsinin (ADK) İdarə Heyətinin sədri Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADK-dən İdman.Biz-ə verilən məlumata görə, Anar Bayramov “XXV Yay Deflimpiya Oyunları”nda ölkəmizin idman tarixində ilk dəfə olaraq medal qazanması münasibətilə keçirilən görüşdə bildirib ki, cüdoçumuz beynəlxalq yarışlarda kifayət qədər təcrübəsi olan idmançıları məğlub edərək fəxri kürsüyə qalxıb. Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.
ICSD prezidenti Adam Kosa isə tarixi hadisə münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib və növbəti yarışlarda idmançılarımıza uğurlar arzulayıb.
Görüşdə, həmçinin ölkəmizdə deflimpiya hərəkatının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
