“Bizim medal qazanmaq şansımız hələ çoxdur. Azərbaycan turnirin ilk günlərində yaxşı nəticələr əldə edərək VI İslam Həmrəyliyi Oyunlarına güclü bir başlanğıc etdi”.
İdman.Biz-in Ər-Riyaddan verdiyi məlumata görə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bunu jurnalistlərə verdiyi müsahibədə bildirib.
Hüseynzadə finalda Özbəkistan komandasını 4-0 hesabı ilə məğlub edən qarışıq cüdo komandasının inamlı qələbəsini xüsusilə vurğulayıb:
”Bu gün möhtəşəm bir qələbənin şahidi olduq. Azərbaycanda cüdonun inkişafı beynəlxalq yarışlarda yüksək yer tutmağımıza kömək edir”.
O, həmçinin uğurların digər idman növlərində də davam edəcəyinə əminliyini ifadə edib: “Ümid edirəm ki, Azərbaycan idmançıları bütün yarışlarda üstünlük qazanacaqlar”.
