İdman dırmanması üzrə ölkə çempionatının açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
1 Noyabr 2025 16:54
62
İdman dırmanması üzrə ölkə çempionatının açılış mərasimi keçirilib - FOTO

İdman dırmanmasının çətinlik növü üzrə ölkə çempionatının açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, Bakı İdman Dırmanması Mərkəzində təşkil edilən yarışda ölkənin müxtəlif bölgələrindən qadın və kişi idmançılar iştirak edirlər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin idmanın bütün sahələrinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib: “Bu, danılmaz faktdır. Artıq ölkəmiz beynəlxalq yarışlara layiqincə ev sahibliyi edir. Həqiqətən də idman dırmanması üzrə ölkə çempionatında təşkilatçılıq idealdır. Bu cür yarışların təşkili idmanın inkişafı üçün mühüm addımdır. Mənim üçün də ilk oldu. Bütün idmançılara uğurlar arzulayıram”.

Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev idmanın gənclərin sağlam həyat tərzi keçirməsinə kömək etdiyini bildirib: “Çempionatda peşəkar və yüksəksəviyyəli idmançılar mübarizə aparırlar. Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün əlimizdən gələni edirik. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində idman növləri ölkəmizdə ildən-ilə inkişaf edir. Ölkə çempionatının Zəfər Günü ərəfəsində təşkili xüsusi məqamdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışa noyabrın 2-də yekun vurulacaq.

İdman.Biz