Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə oyunda qeydə alınan nəticəni öz üzərinə götürüb.
dman.Biz xəbər verir ki, mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində Bakıda Lixtenşteynlə qolsuz heç-heçə etdikləri matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Onun sözlərinə görə, bütün məsuliyyəti üzərinə götürür və qarşıdakı Litva ilə oyuna hazırlaşmaq lazımdır:
“Qələbə qazanmaq istəyirik. Alınmadı. Vəziyyətimizi daha da çətinləşdirdik. Epizodlardan istifadə edə, tempi qaldıra bilmədik. Günahkar axtarmayacağıq, məsuliyyət məndədir. Futbolçular çalışdılar, alınmadı.
Hamınız haqlısınız. Bu gün rəqibi udmağa məcbur idik. Performansımızdan zəif çıxış etdik. Bunun çıxış yolu Litva ilə oyunda qalib gəlməkdir. Müqaviləmiz qışadəkdir. Biz buraya ağır dönəmdə gəldik, çəkinmədən məsuliyyəti üzərimizə götürdük. Rəhbərlik hansı qərarı versə, onlarla razıyam.
Bütün məsuliyyət mənim üzərimdədir. Futbolçular çalışdılar. Qarşıdakı Litva ilə oyuna hazırlaşmalıyıq.
Mən milliyə gələndən bilirdim ki, hansı məsuliyyətin altına girirdim. Milli komandada hər zaman təzyiq var.
Təkrar da olsa, həqiqəti deməliyik, keyfiyyətli futbolçularımız azdır. Aşağıdan başlamalıyıq. Akademiyalara böyük iş düşür”.
Baş məşqçi komandanı növbəti oyuna hazırlamağın çətin olacağını söyləyib:
"Heyətdə dəyişikliklər olacaq. Futbolçularla danışacağıq. Real danışmaq lazımdır, komandamı tərifləməyəcəm. Qələbə qazanan komandaya gəlməmişdim. İslandiya seçməsi bizə gəzə-gəzə 5 qol vurmuşdu. Bu gün o yoxdur. Milli komandada istək var".
