Mahir Emreli qol vurdu, “Rakuv” Xorvatiyada heç-heçə etdi – YENİLƏNİB + VİDEO

21 Avqust 2026 01:05
826
Mahir Emreli qol vurdu, “Rakuv” Xorvatiyada heç-heçə etdi – YENİLƏNİB + VİDEO

Polşanın “Rakuv” klubu səfərdə Xorvatiyanın “Hayduk” komandası ilə 2:2 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, Splitdəki “Poljud” stadionunda keçirilən qarşılaşmada Mahir Emreli “Rakuv”un start heyətində meydana çıxıb və 27-ci dəqiqədə fərqlənib. Azərbaycan millisinin üzvü Otienonun sol cinahdan ötürməsini başla qapıya göndərərək hesabı 1:1 edib.

Bundan əvvəl “Hayduk” 21-ci dəqiqədə Mişel Şeqonun qolu ilə önə keçib. Meydan sahibləri ikinci hissənin əvvəlində Dalisson de Almeydanın dəqiq zərbəsi ilə hesabı 2:1 ediblər.

55-ci dəqiqədə “Hayduk”un futbolçusu Pajaziti birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. “Rakuv” son dəqiqələrdə təzyiqi artırıb və kompensasiya vaxtında bərabərlik qolunu vuraraq Xorvatiyadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Mahir Emrelinin “Hayduk”a vurduğu qol onun cari mövsümdə UEFA Konfrans Liqasındakı ikinci qolu olub.

Qeyd edək ki, UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə uğrunda cavab görüşü avqustun 27-də Polşada keçiriləcək.

23:51

Polşanın “Rakuv” klubunda çıxış edən Mahir Emreli Xorvatiyada “Hayduk”la keçirilən ilk oyunda qol vurub.

İdman.Biz xəbər verir ki, 29 yaşlı hücumçu komandasının heyətində start “11-liy”ində meydana çıxıb və oyunun 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Bu, Mahir Emrelinin cari mövsümdə UEFA Konfrans Liqasındakı ikinci qoludur. Millimizin üzvü iyulun 23-də “Rakuv”un “Valletta”ya qarşı keçirdiyi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda qol vurub. “Rakuv” həmin görüşdə 3:1 hesabı ilə qalib gəlib, Emreli isə 53-cü dəqiqədə fərqlənib.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu avqustun 27-də Polşada baş tutacaq.

Qeyd edək ki, Emreli bu yay Almaniyanın “Kayzerslautern” klubundan “Rakuv”a icarə əsasında keçib.

İdman.Biz