Tofiq Musayev: “Geri dönəcəyəm” - VİDEO

Xəbərlər
23 İyun 2025 11:24
61
Tofiq Musayev: “Geri dönəcəyəm” - VİDEO

“Bəzən qalxırsan, bəzən yıxılırsan. Amma əsas olan - ayağa qalxmağı bacarmaqdır”.

İdman.biz xəbər verir ki, bu sözlər Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevə məxsusdur.

36 yaşlı idmançı sosial şəbəkə hesabında paylaşım edib. Musayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində Mıktıbek Orolbaya (Qırğızıstan) uduzduqdan sonra ona dəstək olanlara təşəkkür edib: “Bu dəfə qələbə qismət olmadı. Bəzən insan çox çalışar, çox inanar, amma həyat bizə fərqli sınaqlar təqdim edər. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyətim - siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız. Və sizin səsiniz… Arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insanın səsi… Sizin dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşü uduza bilərik, amma bu sevgini uduzmaq mümkün deyil”.

O bildirib ki, bu son deyil: “Mən geri dönəcəyəm. Daha güclü, daha möhkəm, daha inamlı. Hamınıza təşəkkür edirəm”.

Qeyd edək ki, Musayev döyüşün ilk raundunda ağrıdıcı fəndlə məğlub olub.

İdman.biz