Maykl Peyc döyüş üslubunu dəyişmək istəyir

6 Sentyabr 2026 16:31
49
Maykl Peyc döyüş üslubunu dəyişmək istəyir

UFC-nin britaniyalı döyüşçüsü Maykl “Venom” Peyc gələcək çıxışlarında döyüş tərzini dəyişmək niyyətində olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, 39 yaşlı idmançı UFC ilə yeni müqavilə imzalayacağı təqdirdə daha çox risk etməyə və hücum tempini artırmağa hazırlaşdığını deyib. Peyc etiraf edib ki, indiyədək bəzi döyüşlərdə özünü həddindən artıq saxlayıb və texniki cəhətdən “təmiz” görünməyə çalışması onun potensialını tam göstərməsinə mane olub.

“Özümü çox yaxşı hiss edirəm, amma nəticələr göstərir ki, indiyədək kifayət qədər səy göstərməmişəm. Yəqin ki, özümü bir az daha çox məcbur etməli və daha çox risk etməliyəm. Bəzən hər şeyi həddindən artıq təmiz və dəqiq etməyə çalışıram. Bilirəm ki, daha çox şey edə bilərəm və bu, məni məyus edir”, - Peyc “UFC news”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, qəfəsə daxil olanda bəzən özünü saxladığını hiss edir və buna görə döyüş üslubunu yenidən nəzərdən keçirməlidir.

Peyc UFC-də 2024-cü ilin martında debüt edib. O, indiyədək təşkilatda Kevin Holland, Şara Maqomedov, Cared Kannonye və Sem Patterson üzərində qələbələr qazanıb, yalnız İan Maçado Qerriyə məğlub olub. Britaniyalının peşəkar MMA karyerasında 13 nokaut qələbəsi var.

Peyc son olaraq Parisdə Nursulton Ruziboyevlə qarşılaşıb və hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu, onun UFC-də ardıcıl dördüncü qələbəsi olub. Bununla belə, həmin döyüş onun mövcud müqaviləsi üzrə son qarşılaşması kimi təqdim olunur və yeni anlaşmanın olub-olmayacağı hələ bəlli deyil.

Qeyd edək ki, Peyc UFC-yə keçməzdən əvvəl uzun illər “Bellator”da çıxış edib və qeyri-adi, şou xarakterli döyüş üslubu ilə tanınıb.

İdman.Biz
Məqalədə: