Azərbaycanəsilli MMA döyüşçüsü, “Dubay kostyumu” ləqəbi ilə tanınan Cavid Rzayev uzun fasilədən sonra müraciət yayımlayıb. O, artıq üçüncü aydır müvəqqəti saxlama mərkəzində olduğunu və Azərbaycana deportasiya edilməsini gözlədiyini bildirib.
İdman.Biz xəbər verir ki, Rzayev son iki ildə baş verən hadisələrdən danışıb və bundan sonra Rusiyadakı karyerasının faktiki olaraq başa çatmasına səbəb olan qalmaqala münasibət bildirib.
“İki ildən çox əvvəl “Hardcore”da hadisə baş verdi və bundan sonra həyatımda xaos başladı. Daha sonra məni iki il müddətinə məcburi əməyə məhkum etdilər. İyunun 15-də cəzamın müddəti başa çatdı və artıq üçüncü aydır ki, Azərbaycana deportasiya olunmağımı gözlədiyim mərkəzdəyəm”, - deyə Rzayev bildirib.
Qeyd edək ki, rezonans doğuran hadisə 22 may 2024-cü ildə Moskvada keçirilən “Hardcore FC” turnirində baş verib. Sergey Priхodkoya qalib gəldikdən sonra Rzayev zalda olan döyüşçü Artur Kulinski ilə mübahisə edib və onu “rus donuzu” adlandırıb. Daha sonra Rzayev üzr istəyib. Buna baxmayaraq, “Hardcore” onu yarışlardan uzaqlaşdırıb, Rusiya Boks Federasiyası isə öz himayəsində keçirilən tədbirlərdə iştirakını ömürlük qadağan edib.
Rzayev isə sözlərində milli məna olmadığını və bunların Kulinskinin onu təhqir etməsinə cavab olaraq səsləndirildiyini deyir.
“Döyüş boyu Artur məni “Dubay zibilliyi”, “çinli heç kim”, “azərbaycanlı şeytan” adlandırırdı. Mənim ləqəbim “Dubay kostyumu”dur və o, öz trash-talkında bundan istifadə etməyə çalışırdı. Döyüş başa çatanda ona “Sən rus donuzusan” dedim. Mən də ona eyni üslubda cavab verməyə çalışırdım.
Sözlərimdə heç bir milli məna yox idi. Heç bir halda rus xalqını təhqir etmək istəməmişəm. Rusiyada 26 il yaşamışam, 12 il burada uşaqlara məşq keçmişəm, gənclər yetişdirmişəm, onları ölkənin müxtəlif bölgələrində keçirilən yarışlara aparmışam. Burada musiqi məktəbini bitirmişəm. Həmin hadisədən sonra mənə nasist deməyə başladılar, amma bu, tamamilə cəfəngiyyatdır.
Özümü yarı rus hesab edirəm, çünki demək olar ki, bütün həyatımı burada yaşamışam və bu ölkə ilə bağlı hər şeyi sevirəm. Ailəmin bütün üzvləri, o cümlədən valideynlərim Rusiya vətəndaşlarıdır. Beynəlxalq arenada dəfələrlə Rusiyanı təmsil etmişəm”, - deyə döyüşçü qeyd edib.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Engels şəhərində gecə klubunda DJ-lə yaşanan münaqişədən sonra Rzayev barəsində ayrıca cinayət işi açılıb.
Prokurorluğun məlumatına görə, noyabrın 10-na keçən gecə döyüşçü DJ-dən istədiyi musiqini səsləndirməsini tələb edib, lakin DJ bundan imtina edib. Yaranan münaqişə zamanı Rzayev əvvəlcə onu fiziki zorakılıqla hədələyib, daha sonra başına və bədəninə azı 15 zərbə endirib.
2025-ci ilin aprelində məhkəmə onu zor tətbiq etməklə xuliqanlıqda təqsirli bilib və iki il müddətinə məcburi iş cəzasına məhkum edib.
Həmin ilin iyulunda isə Rzayevin Rusiya vətəndaşlığından məhrum edildiyi məlum olub. İdmançı indi bildirir ki, cəzasının müddəti başa çatdıqdan sonra miqrasiya orqanlarının əməkdaşları tərəfindən müvəqqəti saxlama mərkəzinə aparılıb.
“Cəzamı çəkdiyim müddətdə məni Rusiya vətəndaşlığından məhrum etdilər. Müddət başa çatanda miqrasiya xidmətinin əməkdaşları gəlib məni artıq üçüncü aydır olduğum mərkəzə apardılar. Deportasiya olunmağım üçün daha nə qədər vaxt keçməli olduğunu bilmirəm.
Bu sınaqları ləyaqətlə qarşılayıram. Ailəmi, dostlarımı və yaxınlarımı tərk etməli olsam belə, hər halda inkişaf etməyə davam edəcəyəm. Rusiyadakı dostlarıma müraciət etmək istəyirəm: internetdə mənim haqqımda yazılan hər şeyə inanmayın. Mən Rusiyanı çox sevirəm və 26 il burada yaşamağımla fəxr edirəm. Milliyyətcə azərbaycanlıyam, amma ruhən özümü yarı rus hiss edirəm”.
Əlavə edək ki, Cavid Rzayev 1 fevral 1995-ci ildə Bakıda anadan olub. O, 5 yaşında ailəsi ilə birlikdə Rusiyaya köçüb.
