Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC-də ikinci qarşılaşmasına çıxacaq.
İdman.Biz xəbər verir ki, 31 yaşlı idmançımız oktyabrın 31-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək “UFC Fight Night” turnirində Jean-Paul Lebosnoyani ilə üz-üzə gələcək.
Yarımorta çəki dərəcəsində baş tutacaq döyüş Las-Veqasdakı “Meta APEX” arenasında keçiriləcək.
ABŞ-ni təmsil edən 27 yaşlı Lebosnoyani erməni və rumınəsillidir. Kaliforniyada dünyaya gələn döyüşçü özü də daha əvvəl verdiyi müsahibədə yarı erməni, yarı rumınəsilli olduğunu bildirib.
“Mufasa” ləqəbli Lebosnoyani peşəkar MMA karyerasında keçirdiyi 13 döyüşün 11-də qalib gəlib, ikicində məğlub olub. O, UFC-də keçirdiyi hər iki qarşılaşmada qələbə qazanıb.
Fərman Həsənov isə peşəkar karyerasında məğlubiyyət tanımır. Azərbaycanlı idmançı iyunun 27-də Bakıda keçirilən UFC turnirində Erik Nolanı hakimlərin yekdil qərarı ilə məğlub edərək təşkilatda debütünü qələbə ilə başa vurub. Bununla Həsənovun peşəkar MMA-dakı göstəricisi altı qələbəyə çatıb.
