Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov yenidən Yaponiyanın nüfuzlu Rizin turnirində qəfəsə çıxmağa hazırlaşır. Sentyabrın 10-da keçiriləcək qarşılaşmada onun rəqibi yerli döyüşçü Ryo Takagi olacaq. Kərəmov üçün bu görüş təkcə növbəti döyüş deyil, həm də Rizin səhnəsində mövqeyini daha da möhkəmləndirmək və ilin sonunda çempionluq kəməri uğrunda döyüşə bir addım da yaxınlaşmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Dağıstanda keçirdiyi məşq toplanışından Vətənə qayıdan Kərəmov hazırda döyüşə son hazırlıqları görür və çəki salma prosesini davam etdirir.
İdman.Biz-ə müsahibəsində Kərəmov qarşılaşmaya hazırlığından, Ryo Takaginin üstün cəhətlərindən və Rizin turnirində qarşısına qoyduğu hədəflərdən danışıb.
– Ryo Takagi ilə döyüşə hazırlığınız necə gedir?
– Şükürlər olsun, hazırlıq yüksək səviyyədə davam edir. Məşq toplanışımın bir hissəsini Dağıstanda keçirdim və artıq Vətənə qayıtmışam. Hazırda çəki salma prosesindəyəm, pəhriz saxlayıram. Ümumilikdə həm bərpa, həm də məşq prosesi çox yaxşı gedir.
– Rəqibinizi necə xarakterizə edərdiniz? Onun əsas üstünlüyü nədədir?
– Takagi daha çox ayaqüstü döyüşə üstünlük verir. Güləş texnikasından çox istifadə etmir, əsasən əl və ayaq zərbələrinə güvənən döyüşçüdür.
– Qarşılaşmada hansı taktikanı tətbiq etməyi planlaşdırırsınız?
– Taktikam son saniyəyədək mübarizə aparmaqdır. Allahın köməyi ilə fürsət yaranan kimi rəqibi ağrılı fəndlə təslim olmağa məcbur etməyə çalışacağam.
– Yaponiyada, Rizin turnirində döyüşmək sizin üçün nə ifadə edir?
– Rizin dünyanın ən nüfuzlu TOP-5 MMA təşkilatından biridir. Ona görə də burada döyüşmək, özümü sübut etmək və qələbə qazanmaq mənim üçün böyük fəxr və qürurdur.
– Bu qarşılaşmadan əsas gözləntiniz və hədəfiniz nədir?
– Əsas hədəfim sentyabrın 10-da keçiriləcək döyüşdə qalib gəlməkdir. Bundan sonra isə istəyirəm ki, ilin sonunda mənə çempionluq kəməri uğrunda döyüş imkanı verilsin. İnşallah, həmin qarşılaşmada da qələbə qazanaraq kəməri yenidən ölkəmizə gətirmək istəyirəm.
