İtaliyalı MMA döyüşçüsü Çiara Penko Çin liqası JCK MMA-da keçirilən qarşılaşmadan sonra qeyri-adi davranışı ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, Penko JCK Kings 015 turnirində Qırğızıstan təmsilçisi Baktıgül Kurmanbekova ilə üz-üzə gəlib. Döyüşün ilk raundunda italiyalı idmançı rəqibinin qoluna ağrıdıcı fənd tətbiq edib və Kurmanbekova təslim olmaq məcburiyyətində qalıb.
Döyüşün nəticəsi elan edildikdən sonra Penko rəqibinin qarşısında diz çökərək ondan üzr istəyib. Buna səbəb qarşılaşma zamanı Kurmanbekovanın qolundan zədə alması olub.
Maraqlıdır ki, iki idmançı arasında hörmətli münasibət döyüşdən bir gün əvvəl keçirilən üz-üzə dayanma mərasimində də özünü göstərib. Kurmanbekova rəqibinə quru meyvə və çərəzlərdən ibarət hədiyyə təqdim edib. Penko isə ona cavab olaraq bir qutu spagetti verib.
