Braziliyalı MMA döyüşçüsü Karlos Prates UFC 330 turnirində keçiriləcək İslam Maxaçev - İan Qarri qarşılaşması ilə bağlı gözlənilməz proqnoz verib.
İdman.Biz xəbər verir ki, yarımorta çəki dərəcəsində çıxış edən Prates UFC-nin paylaşdığı videoda irlandiyalı döyüşçünün Maxaçevi məğlub edəcəyini bildirib.
“UFC 330-da İan Qarri Maxaçevi hakimlərin qərarı ilə məğlub edəcək. Bunun yekdil, yoxsa bölünmüş qərar olacağını bilmirəm, amma döyüşün mütləq hakimlərin qərarına qədər gedəcəyini düşünürəm”, - Prates deyib.
Maraqlıdır ki, Prates daha əvvəl Qarrinin rəqibi olub. Braziliyalı döyüşçü 2025-ci ilin aprelində irlandiyalıya hakimlərin qərarı ilə uduzub.
Maxaçev və Qarri arasında UFC-nin yarımorta çəki dərəcəsi üzrə çempionluq döyüşü Filadelfiyadakı “Xfinity Mobile Arena”da keçiriləcək UFC 330 turnirinin əsas qarşılaşması olacaq. Maxaçev hazırda yarımorta çəkidə UFC çempionudur və 16 döyüşlük qələbə seriyasına malikdir.
Turnir 15 avqustda keçiriləcək.
