Yüngül çəkidə UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov oktaqona qarşısına çıxdığı döyüşçülərlə niyə dostluq münasibətləri qurmağa çalışmadığını izah edib.
İdman.Biz “Sportskeeda”ya istinadən xəbər verir ki, UFC-nin Şöhrət Zalının 37 yaşlı üzvü rəqiblər arasında hörmətin mümkün olduğunu, lakin dostluqdan söhbət gedə bilməyəcəyini vurğulayıb.
“Xeyr, biz nəzakətli olmalıyıq. Amma bundan heç vaxt dostluq yaranmayacaq. Əgər bu adam sənin üzünü sındırmağa çalışırsa, onunla necə dost ola bilərsən? Bu, tamamilə başqa şeydir”, - deyə Nurməhəmmədov bildirib.
Xatırladaq ki, Həbib son döyüşü 24 oktyabr 2020-ci ildə Əbu-Dabinin yaxınlığındakı Yas adasında keçirilən UFC 254 turnirində olub və ikinci raundda boğma fəndi ilə yüngül çəkidə müvəqqəti çempion Castin Qeycini məğlub edib. Bu qələbə Nurməhəmmədov üçün peşəkar karyerasında 29-cu olub və bundan sonra o, qarışıq döyüş sənətlərində çıxışlarını başa vurduğunu elan edib.
