Özbəkistanlı döyüşçü Ramazonbek Temirov dopinq qəbul etdiyi üçün UFC-dən diskvalifikasiya edilməsinə reaksiya verib.
İdman.biz xatırladır ki, Temirovun UFC-nin antidopinq siyasətini pozduğuna görə bir il müddətinə diskvalifikasiya edildiyi barədə məlumatlar yayılıb.
“İnsan necə belə axmaq ola bilər? Bu yaxınlarda testin nəticələrini dərc etmişəm. Belə xəbər yaymazdan əvvəl Allahdan qorxun”, - Temirov sosial şəbəkədə yazıb.
Məlumatlara əsasən, Temirovun qanında ürək çatışmazlığı və digər ürək xəstəliklərinin müalicəsində istifadə edilən trimetazidin (TMZ) dərmanı aşkar edilib. Bu preparat UFC tərəfindən qadağan olunmuş preparatlar siyahısındadır.
Müvafiq qan nümunələri Temirovdan 2025-ci il iyunun 12-də və iyulun 4-də Taylandın Phuket şəhərində götürülüb.