Olimpiya Festivalının bürünc mükafatçısı: "Hər yarış bir təcrübədir"

Xəbərlər
26 İyul 2025 19:45
50
Olimpiya Festivalının bürünc mükafatçısı: "Hər yarış bir təcrübədir"

"Olimpiya festivalında demək olar ki, bütün favorit idmançılar iştirak edirdi. Bu da yarışa olan marağı və rəqabəti daha da artırdı".

İdman.biz xəbər verir ki, bunu Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarının bürünc mükafatçısı Sübhan Axundov (+90 kq) deyib.

O, Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında yarışla bağlı təəssüratlarını bölüşüb: "1/4 finalda fransalı rəqibimə məğlub oldum. Əslində, qalib gələ biləcəyim görüş idi. Hətta ona daha əvvəl, Çexiyanın Teplitse şəhərində keçirilən Avropa Kubokunda da qalib gəlmişdim. Təəssüf ki, bu dəfə düzgün taktika seçə bilmədim. Yarımfinal şansını itirsəm də, təsəlliverici görüşlərdə qələbə qazandım. Əvvəlcə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən cüdoçuya, daha sonra isə Bosniya və Herseqovinadan olan rəqibimi məğlub etdim. Bürünc medal uğrunda qarşılaşmada isə Çexiyalı idmançı ilə üz-üzə gəldim. Həmin idmançıya Avropa Kubokunda məğlub olmuşdum. Bu dəfə onu mübarizədən kənarlaşdıraraq revanş aldım və bürünc medala sahib çıxdım. Düzdür, yarışdan əvvəl çempionluğu hədəfləmişdim. Lakin təəssüflənmirəm. Hər yarış bir təcrübədir. Qarşıda bizi dünya çempionatı gözləyir. İnanıram ki, həmin yarışa daha yaxşı hazırlaşaraq çempion tituluna sahib çıxacağam. Fürsətdən istifadə edib, Milli Olimpiya Komitəsinə, bizə məşq üçün hər cür şərait yaratdığına görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə, həmçinin uğurumda zəhməti olan məşqçilərimizə minnətdarlığımı bildirirəm", - deyə Sübhan Axundov bildirib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları festivalı 8 medalla başa vurublar.

İdman.biz