Ulduzlar Budapeştdə parlayır - Azərbaycan komandası yeni sınağa hazırdır

Xəbərlər
12 İyun 2025 14:48
85
Ulduzlar Budapeştdə parlayır - Azərbaycan komandası yeni sınağa hazırdır

Cüdo üzrə Azərbaycanın yığması bu idman növündə ilin əsas hadisəsinə köklənir. Artıq sabah Budapeştdə 93 ölkədən 557 idmançının iştirak edəcəyi dünya çempionatı start götürəcək. Bu yarış, əslində, yeni Olimpiya dövrünün başlanğıcıdır və Macarıstan paytaxtında maraqlı mübarizə gözlənilir.

İdman.biz xəbər verir ki, Budapeşt mütəmadi olaraq cüdo mundialına ev sahibliyi edir.

Sonuncu dəfə bu, dörd il əvvəl baş verib. Onda yalnız Kərəmət Hüseynov (60 kq) fərqlənərək bürünc mükafatçı olmuşdu. 2017-ci ildə isə cüdoçularımız Dunay sahillərində keçirilən dünya çempionatında dörd dəfə fəxri kürsüyə qalxmışdılar – Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanmışdılar.

Budapeştdəki hər iki dünya çempionatında müasir dövrün ən parlaq cüdoçularından biri də iştirak edib. Hidayət Heydərov (73 kq) ötən il Olimpiya, dünya və Avropa çempionatlarında qızıl medal qazanaraq “qızıl kolleksiya”nı tamamlasa da, Macarıstanda iki dəfə medalın bir addımlığında dayanaraq 5-ci olub. Bu dəfə isə o, Olimpiadadan sonra ilk yarışında titulunu qorumağa iddialıdır.

Şübhəsiz, bu, asan olmayacaq, lakin Heydərov çoxsaylı uğurları ilə dəfələrlə sübut edib ki, onun üçün mümkünsüz heç nə yoxdur. Cüdo ictimaiyyətinin böyük maraqla gözlədiyi qarşıdakı çıxışı da yaddaqalan ola bilər.

Olimpiya oyunlarından sonrakı ilk dünya çempionatı nəsillərin qarşıdurması kimi təqdim olunur. Zəngin təcrübəyə malik idmançılar iddialı gənclərlə mübarizədə öz səviyyələrini sübut etməli olacaqlar. Bu da maraqlı qarşılaşmalar və yüksək rəqabət vəd edir.

Budapeştdə 11 hazırkı dünya çempionu çıxış edəcək. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) ötən il Abu Dabidə möhtəşəm qələbə qazanaraq dünya çempionu olublar və indi onları növbəti vacib sınaq gözləyir. Onların uğurları komandanın digər üzvləri üçün də motivasiya ola bilər: məsələn, Elcan Hacıyev (90 kq) və ya Zelim Tçkayev (81 kq) Avropa medallarından sonra dünya çempionatında da özlərini göstərmək niyyətindədirlər.

Çempionatdan öncə isə Beynəlxalq Cüdo Federasiyasının (IJF) Konqresi keçirilib və Marius Vizer altıncı dəfə qurumun prezidenti seçilib. Onun rəhbərliyi dövründə müasir cüdonun inkişafı yeni mərhələyə keçib, populyarlığı artıb, Dünya Cüdo Turu isə bir çox ölkə və qitələri əhatə edir. 2028-ci il Olimpiadası da nəzərə alınmaqla bu istiqamətdə iş davam etdiriləcək.

Yeni seçilmiş IJF İcraiyyə Komitəsində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev də yer alıb.

Bir sözlə, Budapeştdə ilk əlamətdar nailiyyət artıq əldə olunub. İndi bütün diqqətlər tatamidədir.

Zəki Feyzullayev

İdman.biz