Gənc cüdoçular dünya çempionatına yola düşdülər

Xəbərlər
2 Oktyabr 2023 20:51
152
Gənc cüdoçular dünya çempionatına yola düşdülər

Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət yığması oktyabrın 4-8-də Portuqaliyanın Odivelas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

İdman.biz saytı xəbər verir ki, Azərbaycan milli komandası turnirdə 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışını ziyarət edərək idmançıların hazırlığı ilə maraqlanıb, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək. Oğlanlar komandasında Nizami İmranov (60 kq), Aydın Rzayev (66 kq),Süleyman Əliyev (73 kq), Vüsal Qələndərzadə (73 kq), Ömər Rəcəbli (81 kq), Vüqar Talıbov (90 kq), İsmayıl Zamanov (90 kq), Ramazan Əhmədov (+100 kq) yer alıblar. Kənan Nəsibov komanda yarışında mübarizəyə qoşulacaq.

Qızların yarışında isə ölkəmizi Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Xədicə Qədəşova (52 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (78 kq) təmsil edəcəklər. Pərvanə Abdullayeva komanda yarışında mübarizəyə qoşulacaq.

Oktyabr 4-7-də fərdi, çempionatın son günündə isə komanda yarışları keçiriləcək.

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

İdman.biz