Oktyabrın 25-də Parisdə keçiriləcək cüdo üzrə Avropa Çempionlar Liqasının püşkü atılıb. Yarışda iştirak edəcək Azərbaycan idmançılarının ilk rəqibləri bəlli olub.
İdman.Biz xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycanın “Cüdo 2012” klubu səkkizdəbir finalda Fransanın “Cüdo Nitsa Metropol” komandası ilə qarşılaşacaq.
Klubun heyətinə İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov (+90 kq), Ülviyyə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq) və Diana Semçenko (+70 kq) daxil edilib.
Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (+90 kq) isə Serbiyanın “Srvena Zvezda” klubunun heyətində mübarizə aparacaqlar. Belqrad təmsilçisi ilk mərhələdən azad olunub və yarışa dörddəbir finaldan qoşulacaq.
Azərbaycan cüdoçuları Zelim Tskayev (90 kq) və Uşanqi Kokauri (+90 kq) Fransanın PSJ klubunu təmsil edəcəklər. Paris komandası da mübarizəyə dörddəbir final mərhələsindən başlayacaq.
Daha iki təmsilçimiz - Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) Rusiyanın “Cüdo Klub Konar” komandasının heyətində çıxış edəcək. Onların klubu səkkizdəbir finalda Fransanın “AM Sen-Qratyen” kollektivi ilə üz-üzə gələcək.
Beləliklə, Azərbaycan cüdoçuları Avropanın əsas klub turnirində müxtəlif komandaların heyətində medallar uğrunda mübarizə aparacaqlar.
