Bakıda keçirilən dünya çempionatını bürünc medalla başa vuran Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) növbəti böyük hədəfinin Los-Anceles Yay Olimpiya Oyunlarında medal qazanmaq olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, Nəsibov yarışdan sonra jurnalistlərə açıqlamasında azarkeşlərin dəstəyini xüsusi vurğulayıb:
“Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Tribunada hər kəs mənə sevgisini hiss etdirdi. Üçüncü yer uğrunda qarşılaşdığım Camal Qamzatxanov həm dostum, həm də məşq yoldaşımdır. Düzü, zədələrim olduğu üçün bu görüşə tam hazır deyildim. Belimdə və dizimdə zədə var idi. Buna baxmayaraq, tribunalardan gələn dəstək mənə əlavə motivasiya verdi və bürünc medalı qazandım”.
İdmançı məşqçilərinə verdiyi sözü xatırladaraq qarşıdakı məqsədini açıqlayıb:
“Özümə və məşqçilərim Elxan Məmmədovla Mehman Cəfərova söz vermişdim ki, finallara qədər irəliləyəcəyəm. Uşanqi Kokauriyə uduzsam da, bürünc medalı əldə etdim. İnşallah, səhvlərimi düzəldib 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycana medal gətirəcəyəm”.
Nəsibov bürünc medal uğrunda Camal Qamzatxanovla görüşdə hər iki cüdoçunun bir-birini yaxşı tanımasının mübarizəni ehtiyatlı apardıqlarına səbəb olduğunu qeyd edib:
“Məşqlərdə bir-birimizin texnikasını yaxşı bildiyimiz üçün ehtiyatlı güləşdik və bir-birimizə xal ata bilmədik. Buna baxmayaraq, qələbə qazanmağı bacardım”.
