Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Bakıda keçirilən dünya çempionatı çərçivəsində xüsusi nümayiş proqramı təqdim ediblər.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında tatamiyə çıxan iştirakçılar məşqlər zamanı qazandıqları bacarıqları tamaşaçılar qarşısında nümayiş etdiriblər.
Adaptiv cüdo müxtəlif fiziki və funksional imkanlara malik şəxslərin bu idman növü ilə təhlükəsiz və əlçatan şəkildə məşğul olmasına şərait yaradır.
İştirakçıların fərdi xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilən məşqlər onların fiziki inkişafına, koordinasiyasına, özünəinamının artırılmasına və sosial inteqrasiyasına töhfə verməyi hədəfləyir.
Dünya çempionatı çərçivəsində keçirilən nümayiş adaptiv cüdonun inklüziv idman mühitindəki əhəmiyyətini diqqətə çatdırıb.
