Beynəlxalq Cüdo Federasiyası Bakıda dünya cüdosunun gələcək kursunu müəyyənləşdirdi - FOTO

3 Oktyabr 2026 10:57
99
Beynəlxalq Cüdo Federasiyası Bakıda dünya cüdosunun gələcək kursunu müəyyənləşdirdi - FOTO

Bakıda dünya çempionatının püşkatmasından bir gün əvvəl Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Dünya cüdosunun rəhbərləri ilin əsas turnirinə hazırlığı, Dünya Turunun inkişafını, Olimpiya təsnifatını və federasiyanın rəhbər strukturunda dəyişiklikləri müzakirə ediblər.

İdman.Biz xəbər verir ki, iclasa IJF prezidenti Marius Vizer rəhbərlik edib. Beynəlxalq federasiyanın rəhbəri Azərbaycanın dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyi xüsusi qeyd edib.

“Bakıda, Azərbaycanda - zəngin ənənələrə və mədəniyyətə malik cüdo ölkəsində olmaqdan çox məmnunuq”, – deyə Vizer bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin, ölkə hökumətinin və eyni zamanda IJF İcraiyyə Komitəsinin üzvü olan Rəşad Nəbiyevin rəhbərlik etdiyi Azərbaycan Cüdo Federasiyasının dəstəyini vurğulayıb.

Vizerin sözlərinə görə, hazırlıq prosesinin bütün iştirakçılarının peşəkarlığı və komandalar arasında qarşılıqlı əməkdaşlıq dünya çempionatının uğurla keçirilməsinə zəmanət verir.

IJF-də yeni təyinatlar

İclasın əsas məsələlərindən biri kadr dəyişiklikləri olub.

Oskar Kassinario, Klaus Qlan və Həbib Sissoko IJF-nin fəxri üzvləri statusunu alıblar. Felice Mariani beynəlxalq federasiyanın səfiri təyin edilib.

Qabor Felegi IJF-nin icraçı direktoru, Ruben Huks isə marketinq direktoru vəzifəsinə təyin olunub.

Bundan əlavə, IJF Konqresi İcraiyyə Komitəsinin iki yeni üzvünü seçib. Xuan Karlos Barkos hakimlik direktoru vəzifəsini tutub, Timur Kemell isə cüdonun təşviqi və inkişafı ilə bağlı istiqamətə rəhbərlik edəcək.

Təyinatlar beynəlxalq yarışların sayının artdığı və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına davam edən təsnifat prosesi fonunda baş verir.

48 hakim və doqquz supervayzer(nəzarətçi)

İclasda hakimlik və mütəxəssislərin hazırlığına da böyük diqqət yetirilib.

Dünya Turunun yarışlarının statistik təhlili aparılıb. Hazırda IJF sistemində 48 beynəlxalq hakim və 9 supervayzer müntəzəm fəaliyyət göstərir.

Federasiya hakimlər üçün imtahan sessiyaları və çoxsaylı seminarlar keçirməyə davam edir. Paralel olaraq IJF Akademiyası ilə əməkdaşlıq da genişləndirilir. Bunun hakimlərin hazırlığının vahid standartlara uyğunlaşdırılmasına və beynəlxalq turnirlərdə hakimliyin keyfiyyətinin yüksəldilməsinə töhfə verməsi gözlənilir.

IJF-nin təhsil və məşqçilik üzrə direktoru Məhəmməd Meridja ayrıca cüdoda təzim etməyin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu, qarşılaşmanın əvvəlində edilən sadəcə formal hərəkət deyil, bu idman növünün fundamental prinsiplərindən biri olan hörmətin ifadəsidir.

Dünya Turu böyüyür

İclasın idman blokuna Vladimir Barta rəhbərlik edib.

IJF Dünya Turunun hər il böyüdüyünü qeyd edir. Eyni zamanda 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına təsnifat artıq başlayıb.

Təqvimə kadetlər və yeniyetmələr arasında yeni Qran-pri turnirləri əlavə olunub. Beləliklə, gənc cüdoçular beynəlxalq təcrübə qazanmaq və yarış sistemində tədricən irəliləmək üçün əlavə imkanlar əldə edirlər.

İclasda 2027-ci il dünya çempionatı və gələn il Astanada keçirilməsi planlaşdırılan növbəti IJF Konqresi də daxil olmaqla, qarşıdakı böyük yarışlara hazırlıq müzakirə olunub.

Bakı 96 ölkədən 633 idmançını bir araya gətirib

İclasda təbii olaraq qarşıdan gələn Bakı dünya çempionatına xüsusi diqqət ayrılıb.

IJF-nin son məlumatına əsasən, fərdi yarışlarda 96 ölkədən 633 idmançı iştirak edəcək. Qarışıq komanda yarışında isə 19 milli komanda mübarizə aparacaq.

Bu rəqəmlər dünya cüdosunun mövsümündə əsas hadisələrdən birinə çevriləcək çempionatın beynəlxalq miqyasını göstərir.

İclasda həmçinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına hazırlıq və 2026-cı ildə Dakarda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunları ilə bağlı yeniliklər təqdim olunub. Dakarla bağlı son məlumatları Hedviq Karakaş təqdim edib.

İclaslardan tatamiyə

İcraiyyə Komitəsinin işi başa çatdıqdan sonra IJF-nin diqqəti tamamilə dünya çempionatına yönəlib.

Turnirin püşkatması oktyabrın 3-də keçiriləcək. Fərdi yarışlar oktyabrın 4-dən 10-dək davam edəcək, oktyabrın 11-də isə çempionat qarışıq komandalar arasında yarışla başa çatacaq.

Çempionatdan əvvəl Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Fəxri xiyabanı ziyarət edib və Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub.

İndi isə diqqət tatamiyə yönəlir. Qərarlar, müzakirələr və təşkilati işlər başa çatıb. Qarşıda əsas mərhələ – 2026-cı il dünya cüdo çempionatı başlayır.

İdman.Biz