Onqat Avropa çempionu: “İllərin təcrübəsi və düzgün hazırlıq öz sözünü dedi” - MÜSAHİBƏ

17 Avqust 2026 13:54
93
Onqat Avropa çempionu: “İllərin təcrübəsi və düzgün hazırlıq öz sözünü dedi” - MÜSAHİBƏ

“Bu qələbəni həmişə olduğu kimi Azərbaycan xalqına həsr edirəm”.

Bunu Almaniyanın Heydelberq şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan paracüdoçusu, Onqat Avropa çempionu İlham Zəkiyev AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- 10-cu dəfə Avropa çempionu oldunuz. Yubiley çempionluğunuzla bağlı təəssüratlarınız necədir?

- Biz hər yarışa qatılanda maksimum hazırlıq görüb ən yüksək nəticəyə köklənirik. İdmançı əgər yarışa mənfi düşüncə ilə yollanarsa, heç vaxt qələbə qazana bilməz. Keçən il 9-cu dəfə Avropa çempionu olarkən hamı 10-cu yubiley titulumu gözləyirdi. Şükürlər olsun ki, bu nəticəni əldə etdik. Lakin rəqəmlər mənim üçün o qədər də əhəmiyyət kəsb etmir. Ümid edirəm ki, gələcəkdə 11-ci, 12-ci çempionluqları qazanmağa çalışacağıq.

- Qələbə sevincini ilk olaraq kiminlə bölüşdünüz?

- İlk növbədə üzərimizdə böyük əziyyəti olan məşqçilərimizlə – milli komandanın baş məşqçisi İbrahim İbrahimov və şəxsi məşqçim Emin Bəydullayevlə bölüşdüm. Ardınca isə ailə üzvlərimizi və dostlarımızı şad etdik.

- Zəfəri kimə həsr edirsiniz?

- Bu qələbəni həmişə olduğu kimi Azərbaycan xalqına həsr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Məhz onların sayəsində bu gün biz tam suveren və müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində torpaqlarımız işğaldan azad edildi və bayrağımız ölkəmizin hər bir nöqtəsində dalğalanır. Qalib və Müzəffər Azərbaycanın idmançısı kimi ölkəmizi beynəlxalq arenada təmsil etmək bizim üçün böyük fəxrdir.

- Yarımfinalda Böyük Britaniya, finalda isə İspaniya təmsilçisinə ipponla qalib gəldiniz. Görüşlər sizin üçün necə keçdi?

- İppon tam qələbədir və maksimum nəticədir. Hər iki rəqiblə ilk dəfə qarşılaşırdım. İllərin təcrübəsi və düzgün hazırlıq öz sözünü dedi. Yarışdan öncə məşqçilərimizlə birgə rəqiblərin əvvəlki görüşlərini izləmiş, onların taktikasını təhlil edərək üzərində işləmişdik. Nəticədə bu hazırlıq öz bəhrəsini verdi.

- Milli komandamızın yarışdakı ümumi çıxışını necə qiymətləndirirsiniz?

- Komandamızın heyətində Hüseyn İsmayılzadə və İsmayıl Muradov kimi gənc idmançılar yer almışdı. Onlar bu yarışa təcrübə toplamaq üçün gəlmişdilər və gələcəkdə daha yaxşı nəticələr göstərəcəklər. Qadın idmançılarımızdan Xatirə İsmiyeva və Dürsədəf Kərimova isə bürünc medal qazandılar. Bütövlükdə milli komandanın çıxışını ürəkaçan qiymətləndirmək olar.

- 10-cu Avropa çempionluğundan sonra növbəti əsas hədəfləriniz və qarşıdakı yarışlar hansılardır?

- Növbəti ay bizi Gürcüstanda keçiriləcək dünya çempionatı gözləyir. Əsas hədəfimiz isə 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq növbəti Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edərək üçrəngli bayrağımızı yenidən zirvələrdə dalğalandırmaqdır.

İdman.Biz