“Azərbaycanda varlı valideynlər övladlarını fərqli gələcəkdə görürlər, amma idmançı kimi yox” - Rüstəm Orucovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
2 Yanvar 2026 11:59
47
“Azərbaycanda varlı valideynlər övladlarını fərqli gələcəkdə görürlər, amma idmançı kimi yox” - Rüstəm Orucovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Rüstəm Orucov adı təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da cüdo həvəskarlarına çox yaxşı tanışdır. Avropa çempionu, dünya və Olimpiya çempionatlarının gümüş mükafatçısı ötən ilin aprelindən Səudiyyə Ərəbistanında çalışır və qısa Yeni il tətilindən istifadə edərək Bakıya gəlib. İdman.Biz bu fürsətdən istifadə edərək çox maraqlı həmsöhbətlə müsahibə edib.

- Rüstəm bəy, hazırda nə ilə məşğulsunuz?

- İşləyirəm. Elə indi də işləyirdim, siz zəng edənə qədər. Komanda üçün siyahılar tərtib edirəm - kim kiminlə güləşəcək. Mən demək olar ki, yığmada hər şeyə cavabdehəm - bütün yaş qrupları, böyüklər də daxil olmaqla. Bir növ komandanın direktoruyam. Olimpiya çempionu İlias İliadis baş məşqçidir, mən direktoram. Sualınızı qabaqlayım: biz burada kimin rəhbər, daha əsas olduğunu aydınlaşdırmırıq, birlikdə işləyirik.

- Necə, razısınızmı?

- Əlbəttə razıyam. Mənim həm onunla, həm də ərəblərlə işləməyim asandır. Onlar məni qiymətləndirir və hörmət edirlər, niyə narazı olum ki? İlias isə cüdonun canlı əfsanəsidir, əvvəlki iş yerində, Özbəkistan millisinin baş məşqçisi olanda artıq sübut edib ki, o həm də yüksək səviyyəli məşqçidir.

- Bəs siz nə vaxt bunu sübut edəcəksiniz? Və niyə bunu Azərbaycanda etmədiniz?

- Mən bunu dəfələrlə etməyə çalışmışam. Federasiyanın rəhbərliyinə müraciət edib milli komandada - Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə rəhbər təyin olunan Mövlud Mirəliyevin yerində işləmək istədiyimi dedim. Amma mənə cavab verdilər ki, hələ bu iş üçün hazır deyiləm. Eyni sözləri federasiyanın özündə rəhbər vəzifələr üçün də dedilər. Halbuki xaricdən mənə bir neçə dəfə təkliflər gəlmişdi və mən seçimimi etdim. Əlbəttə, kim öz ölkəsində işləmək istəməz ki?

- Peşman deyilsiniz? Axı deyirlər ki, ərəblərlə çətindir: mental olaraq məsuliyyətsiz, punktual deyillər və tənbəldirlər.

- Belələri Azərbaycanda da az deyil (gülür). Bu keyfiyyətlər millətdən asılı deyil.

- Yəni Səudiyyə cüdoçuları sizi heç nə ilə təəccübləndirmədi?

- Niyə təəccübləndirmədi, təəccübləndirdi. Bəli, burada istedadlar Azərbaycandakından qat-qat azdır. Bizdə demək olar ki, istənilən gəlmə məşqçi bir neçə ay ərzində nəticə göstərə bilər. Məsələn, Avropa çempionu yetişdirə bilər, çünki müxtəlif yaş yığmalarımızda istənilən beynəlxalq turnirdə nəticə verə bilən çoxlu istedadlı uşaqlar var. Burada isə bu, çox çətindir. Amma bəzi cüdoçuların inadkarlığı xoşuma gəlir, onlar əsl zəhmətkeşlərdir. Deyirsən ki, hansısa hərəkəti 10 dəfə etsin, 1.5-2 dəfə artıq edəcək.

- Elə bir inanc var ki, fərdi idman növlərində uğura əsasən kasıb ailələrdən olan uşaqlar nail olurlar, məsələn, Azərbaycanda olduğu kimi. Bu, Səudiyyə Ərəbistanına da aiddirmi?

- Yox, mən belə deməzdim. Sadəcə Səudiyyə Ərəbistanında bu işləmir. Burada həm varlı ailələrin uşaqları, həm də kasıb ailələrin uşaqları nəticəyə eyni dərəcədə kökləniblər. Ümumiyyətlə, buradakı xalqın varlı olması barədə danışılanlar, məncə, xeyli şişirdilib. Səudiyyə Ərəbistanında taksi ilə məşqə gələ bilməyən kasıb ailələrdən olan cüdoçular da az deyil. Sadəcə problem ondadır ki, burada əvvəllər cüdo olmayıb. Biz, demək olar ki, sıfırdan başlayırıq. Ona görə əsas diqqət uşaq və yeniyetmə cüdosuna yönəlib.

- İlk addımlarınızı necə qiymətləndirirsiniz? Axı legionerlərsiz və hazırlıqlı uşaqların sayı məhdud olduğu halda vəzifə asan deyil. Doqquz aylıq iş ərzində hansı irəliləyiş var?

- Mən belə işə hazıram. Və təxminən məni burada nə gözlədiyini bilirdim. Artıq ilk nəticələr də var. Yeniyetmələr arasında Asiya çempionatında “gümüş”, gənclər arasında Asiya çempionatında “bürünc” və daha biri - Yeniyetmələr arasında Asiya Oyunlarında, tarixdə ilk dəfə. Bu ölkənin cüdoçu yeniyetmələrinin Asiya Oyunlarında heç vaxt medalı olmayıb.

- Deməli, Səudiyyə Ərəbistanında gənc istedadlar artıq nəticə verir, Azərbaycanda isə hələ yox...

- Amma bunda, çox güman ki, uşaqlar yox, onların valideynləri günahkardır. Bizdə, təəssüf ki, imkanlı valideynlər övladları üçün tam başqa yol seçirlər. Onlar övladlarını fərqli gələcəkdə görürlər, amma idmançı kimi yox və yetkinlik yaşına çatdıqdan sonra idmanda inkişaf etmələrinə imkan vermirlər.

- Səudiyyə Ərəbistanında böyüklər cüdosunu necə inkişaf etdirməyi planlaşdırırsınız?

- İnkişaf etdirmək yox, yaratmaq deyərdim. Hələ olmayan şeyi necə inkişaf etdirmək olar? 2026-cı ildən böyüklərdən ibarət milli komandanı formalaşdıracağıq. Başqa ölkələrdən bir-iki nəfər dəvət etməyi planlaşdırırıq ki, onlar öz nümunələri ilə yerli gəncləri ruhlandırsınlar. Hələlik isə cüdoçuların milliyə cəlb edilməsi üçün yeni qaydalar tətbiq etmişik. Əvvəllər burada klub sistemi var idi və klubların rəhbərləri öz yetirmələrini ölkənin şərəfini qorumağa buraxmırdılar - indi isə hər şey milli komandanın maraqları naminə edilir. Əvvəllər cüdoçuların sayı az olduğuna görə idmançı dərhal milli komandaya düşürdü. İndi seçim sistemi təkmilləşdirilib: milliyə daxili çempionatın finalçıları düşür. Həmçinin cüdoçu mütləq təlim-məşq toplanışlarında özünü göstərməlidir. Əks halda, mümkün deyil.

- Ər-Riyadda tək qalmaq sizin üçün çətin deyil? Ailənizi nə vaxt aparmağı düşünürsünüz?

- Uşaqlar sərbəst şəkildə ingilis dilində danışmağı öyrənəndə (gülür). Onlar hələ Bakıda ingilisdilli məktəbin ibtidai siniflərində oxuyurlar: oğlumun yeddi yaşı var, qızımın isə doqquz. Düşünürəm ki, yeni tədris ilinə Ər-Riyaddakı məktəblərdən birində başlayacaqlar.

İdman.Biz