Cüdo üzrə Avropa çempionatlarının dəfələrlə mükafatçısı, hazırda polis leytenantı olan Məmmədəli Mehdiyev Qazaxıstanın “Dinamo” idman cəmiyyətinin 100 illiyinə həsr olunmuş turnirdə qalib olub.
İdman.Biz-in məlumatına görə, Mehdiyev finalda yerli cüdoçu Yersultan Muzaffarovu məğlub edib. Diqqətçəkən məqam isə görüşün inanılmaz dərəcədə uzun sürməsi olub - qarşılaşma düz 31 dəqiqə davam edib.
Bu barədə İdman.Biz-ə keçmiş tanınmış cüdoçu, üç Olimpiadanın iştirakçısı, hazırda polis polkovnik-leytenantı və DİN-in İdman Cəmiyyətinin şöbə müdiri olan Mehman Əzizov məlumat verib. O da tədbirlərə fəxri qonaq qismində dəvət olunub.
Mehman Əzizov bildirib ki, yubiley çərçivəsində Astanada rəsmi tədbirlərlə yanaşı, cüdo, sambo, qrapplinq, əlbəyaxa döyüş və digər idman növləri üzrə yarışlar da təşkil olunub:
“Yalnız final görüşləri keçirilirdi. Yəni dəvət olunan ölkələr turnirə ən güclü idmançılarını göndərmişdilər. Məmmədəli 31 dəqiqə mübarizə apardı - əsas vaxtın dörd dəqiqəsi və “Golden Skor”da əlavə 27 dəqiqə. Mən 40 ildən artıqdır cüdodayam, belə bir hal görməmişdim. Bildiyimə görə, rəsmi yarışlarda dünya rekordu 18 dəqiqə neçə saniyədir. Burada isə yarım saatdan çox davam edən görüş oldu. Bu qədər gərgin qarşılaşmada qalib gəlməsi bizi hamımızı çox sevindirdi”.
Qeyd edək ki, Mehman Əzizovun özünə və Azərbaycan DİN-in İdman Cəmiyyətinin rəhbəri, polis polkovniki Mövlud Mirəliyevə də Qazaxıstan “Dinamo” idman cəmiyyətinin 100 illiyi münasibətilə xatirə medalları təqdim olunub.
Vüqar Vüqarlı
