Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) dünya reytinqində böyük irəliləyiş edib.
İdman.Biz-in məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası (IJF) planetin cüdoçuları üzrə yeni dünya reytinqini açıqlayıb.
Azərbaycan cüdosunda ən nəzərəçarpan dəyişiklik super-ağır çəki dərəcəsində baş verib. Cavan cüdoçu Kənan Nəsibov (2055 xal) birdən-birə 11 pillə irəliləyərək +100 kq kateqoriyasında dünya reytinqinin ilk 20-liyini tamamlayır.
Nəsibovun irəliləyişinə onun dünən Xorvatiyanın Zaqreb şəhərində keçirilən Qran-pri turnirində əldə etdiyi qələbə səbəb olub. Qeyd edək ki, o, bu il, 1 noyabr tarixində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında da qızıl medal qazanmışdı. O, gənclər arasında qitə birinciliyini qazanan ilk azərbaycanlı cüdoçu kimi tarixə düşüb.
Bu uğurlardan sonra demək olar ki, Azərbaycanın super-ağır çəkidə dəyişməz lideri olan Uşanqi Kokauri (7-ci yer, 3386 xal) uzun illərdən sonra ilk dəfə ciddi və iddialı rəqiblə üzləşib. K.Nəsibov son iki həftədə ard-arda iki böyük turnirdə qələbə qazanıb.
Komandanın digər liderlərinə gəldikdə isə, Olimpiya çempionları Hidayət Heydərov (73 kq, 4176) və Zelim Kotsoyev (100 kq, 5118), eləcə də cüdoçu Elcən Hacıyev (90 kq, 3651) öz çəki dərəcələrində ikinci yerlərini qoruyublar.
Bundan başqa, Ruslan Paşayev (66 kq, 2991) beşinci yerdə qərarlaşıb, Zaqreb Qran-prisində bürünc qazanan Vüqar Talıbov (90 kq, 2197) 13-cü pillədədir. Xorvatiyadakı turnirin daha bir bürünc mükafatçısı Hüseyn Allahyarov (60 kq, 520) isə 65 pilləlik irəliləyiş edərək 78-ci yerə yüksəlib. Eyni çəki dərəcəsində – 60 kq-da yarışan Balabəy Ağayev (3356) isə altıncı yerdən yeddinci pilləyə enib.
Teymur Tuşiyev
