Azərbaycan idman tarixinə düşdü: Deflimpiya Oyunlarında ilk medal qazanıldı - FOTO

Xəbərlər
16 Noyabr 2025 16:15
42
Azərbaycan idman tarixinə düşdü: Deflimpiya Oyunlarında ilk medal qazanıldı - FOTO

Coşqun Əliyev Yaponiyada keçirilən “Tokio-2025” Yay Deflimpiya Oyunlarında gümüş medal əldə edərək yeni tarix yazdı.

İdman.Biz xəbər verir ki, Yaponiyada təşkil olunan “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan ilk dəfə medal sevincini yaşayıb.

Cüdo üzrə -60 kq çəki dərəcəsində çıxış edən Coşqun Əliyev yarışın ilk günündə ardıcıl yüksək nəticə göstərib. O, 1/8 finalda Cənubi Koreya idmançısı Choı Junho, 1/4 finalda xorvatiyalı Tonzetic Josip, yarımfinalda isə Niderland təmsilçisi Westerhof Albert Gerhardua Hendrik üzərində qələbə qazanaraq finala yüksəlib.

Həlledici görüşdə rəqibi braziliyalı Dantas Pedroya uduzan cüdoçumuz buna baxmayaraq Azərbaycan tarixində ilk dəfə Yay Deflimpiya Oyunlarında gümüş medal qazanan idmançı kimi adı idman tarixinə yazdırıb.

Mükafatlandırma mərasimində medal Coşqun Əliyevə Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim olunub.

Bu nəticə ilə Coşqun Əliyev “Tokio-2025” Deflimpiya Oyunlarında ölkəmizin ilk medalını gətirən idmançı olub.

İdman.Biz