Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb

Xəbərlər
1 May 2024 12:51
Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb

Avropa Gimnastikası (EG) mayın 3-5-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa kubokunun mükafat fondunu təsdiqləyib.

İdman.biz xəbər verir ki, yarışın ümumi mükafat fondu 40 min avro təşkil edəcək.

Yarışlar maraqlı qaydalarda keçiriləcək. Çoxnövçülük yarışlarında təsnifat mərhələsinin yekununa əsasən mütləq birincilikdə finala yüksələn 16 gimnast “Cross Battles” adlanan raundlarda çıxış edəcək. Olimpiya sistemi ilə keçirilən bu mərhələlər 1/8 finaldan başlayacaq. Cütlər təsnifatdakı yerlərə əsasən müəyyənləşəcək. 1-ci yer 16-cı, 2-ci yer 15-ci pillə ilə görüşməsi ardıcıllığı əsas götürüləcək. Hər idmançı mərhələdə finala qədər yalnız bir hərəkətdə çıxış edəcək.

“Cross Battles”in qalibi 8, gümüş mükafatçı 5, üçüncü yerin sahibi 3 min avro qazanacaq. Fəxri kürsüdən kənar qalacaq digər 13 iştirakçı üçün də mükafatlar nəzərdə tutulub.

4-cü pillənin sahibi iki min, 1/4 finalda uduzanlar hərəyə min avro əldə edəcəklər. 1/8 finalın uğursuzları isə 500 avro ilə kifayətlənməli olacaqlar.

Qrup hərəkətləri üzrə çoxnövçülüyün qalibi 5, gümüş mükafatçı 3,5, bürüncü sahibi 2,5 min avro qazanacaq. Yeniyetmələrin mübarizəsində komanda yarışında qələbə 1300, gümüş 1000, bürünc 700 avro mükafat gətirəcək.

Avropa kubokunda ümumilikdə 160 gimnast mübarizə aparacaq. EG-in mətbuat xidməti yarışın ulduzlarını da açıqlayıb: “Onların arasında son mütləq Avropa çempionu Boryana Kaleyn, onun Bolqarıstan millisindəki komanda yoldaşı superulduz Stiliana Nikolova, 2022-ci ilin mütləq qitə çempionu Darya Atamanov, digər israilli, artıq böyüklərin yarışına qatılan Daniela Munits kimi qitə səviyyəli tanınmışlar var. Favoritlər sırasında 2022-ci ilin mütləq dünya çempionu Sofiya Raffaeli və daha bir italiyalı Milena Baldasarri, ukraynalı Kristina Poqraniçnaya, Azərbaycanın sevinci və qüruru Zöhrə Ağamirova və bir çoxları da var”.

Yarışların proqramına gəlincə, mayın 3-də böyüklərin təsnifat mərhələsində gürzlər, halqa, top və lentlə hərəkətlər baş tutacaq. Onlar finala vəsiqə verən ilk 16 yer, həmçinin ayrı-ayrı hərəkətlərdə həlledici raunda vəsiqə uğrunda mübarizə aparacaqlar. Ertəsi gün komandaların qrup hərəkətlərində ilk çıxışları baş tutacaq, həmçinin çoxnövçülükdə “Cross Battles” keçiriləcək. Ardınca yeniyetmələr komanda yarışlarında mübarizəyə start verəcək. Mayın 5-də həm böyüklər, həm yeniyetmələr, həm qruplar ayrı-ayrı hərəkətlərdə mükafatçıları müəyyənləşdirəcəklər.

İdman.biz

Məqalədə: