Əvvəlcə Bruney kral ailəsinə məxsus olan, lakin sonradan başqa sahibinə satılan "McLaren F1" superkarı "Formula-1" Əbu-Dabi Qran-prisi zamanı "RM Sotheby's" hərracında satışa çıxarılacaq.
Avtomobil 1994-cü ildə istehsal edilib və 64 nümunədən ibarət "McLaren F1" seriyasında 14-cü olub. O, 627 at gücü hasil edən 6,1 litrlik BMW V12 mühərriki ilə təchiz edilib.
Avtomobilin başqa bir unikal xüsusiyyəti onun üzərində 1996-cı ildə Mixael Şumaxerin avtoqraf qoymasıdır. Lakin sonradan 2007-ci ildə o, yenidən rənglənib və bu dəfə Lyuis Hemilton ora öz avtoqrafını qoyub.
Hərrac dekabrın 5-də "Formula-1" mövsümünün final mərhələsi öncəsi sıralama turları başa çatdıqdan sonra keçiriləcək. Lotun 21 milyon dollardan çox olacağı gözlənilir.