“Formula-1” Azərbaycan Qran-prisi “Red Bull” pilotu üçün xüsusi olacaq

22 Sentyabr 2026 13:40
30
“Formula-1” Azərbaycan Qran-prisi “Red Bull” pilotu üçün xüsusi olacaq

Qarşıdakı “Formula-1” Azərbaycan Qran-prisi “Red Bull” pilotu İsak Hacar üçün xüsusi olacaq.

İdman.Biz xəbər verir ki, fransalı pilot məhz Bakı şəhər trasında bilək zədəsi ilə əlaqədar uzun fasilədən sonra yenidən bolidin sükanı arxasına keçəcək.

Hacar yayda məşq zamanı zədələnib. O, zədə səbəbindən çempionatın Zandvort, Montsa və yeni “Madring” trasında keçirilən üç mərhələsini buraxıb. Pilot sonuncu dəfə iyulda Macarıstan Qran-prisində iştirak edib.

Reabilitasiya kursundan sonra Hacar yarışlara qayıtmaq üçün icazə alıb və artıq Bakıda yenidən Maks Ferstappenin komanda yoldaşı olacaq.

“Oracle Red Bull Racing bu həftəsonu İsakın komandaya qayıtmasını məmnuniyyətlə qarşılayır. Bilək zədəsindən uğurla sağalan İsak cümə axşamı “Baku City Circuit”də yenidən trasa çıxacaq”, - deyə komandanın açıqlamasında bildirilir.

Hacarın yoxluğunda onun “Red Bull”dakı yerini Liam Louson tutub. İndi yeni zelandiyalı pilot “Racing Bulls”a qayıdacaq, Yuki Tsunoda isə yenidən ehtiyat pilot kimi fəaliyyətini davam etdirəcək.

“Red Bull” həmçinin Lousona son üç mərhələdəki çıxışlarına görə təşəkkür edib, onun peşəkarlığını və komandanın işinə verdiyi töhfəni qeyd edib.

Xatırladaq ki, bu il Azərbaycan Qran-prisinin proqramı 27 sentyabrda qeyd olunan Anım Günü ilə əlaqədar bir gün əvvələ çəkilib. Sərbəst yürüşlər cümə axşamı, təsnifat mərhələsi cümə, yarış isə şənbə günü keçiriləcək.

İdman.Biz