Narahat Reykyavik: Azərbaycan millisinin start oyunundan nə gözləmək olar? - İDMAN.BİZ-də TƏHLİL

Təhlil
4 Sentyabr 2025 15:15
68
Narahat Reykyavik: Azərbaycan millisinin start oyunundan nə gözləmək olar? - İDMAN.BİZ-də TƏHLİL

Futbol üzrə Azərbaycan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinə start verir. Komandamız ilk oyununu sentyabrın 5-də Reykyavikdə islandlara qarşı keçirəcək. Qrupda Fransa və Ukraynanın da yer aldığını nəzərə alsaq, baş məşqçi Fernandu Santuşun yetirmələri üçün bu seçmə mərhələ sanki mümkünsüz missiyaya bənzəyir.

İdman.biz xəbər verir ki, komandamızın uğursuz seriyası kifayət qədər uzanıb.

Sonuncu qələbəni keçən ilin iyun ayında – Qazaxıstana qarşı keçirilən yoldaşlıq görüşündə (3:2) qazanmışdıq. Bu isə Fernandu Santuşdan əvvəl baş vermişdi.

Portuqaliyalı mütəxəssis daim tənqidlər hədəfindədir və hələlik optimizm üçün ciddi əsaslar yaratmır. Oyun üslubu aydın deyil, heyətlə bağlı suallar da çoxdur. Bu şərtlər altında komandanın nəinki Fransaya, hətta İslandiya və Ukraynaya qarşı necə müqavimət göstərəcəyi sual altındadır. Avropa çempionunun rəhbərliyi altında milli komanda 10 oyun keçirib, 8 məğlubiyyət alıb, 2 dəfə heç-heçə edib: Millətlər Liqasında Estoniya və yoldaşlıq görüşündə Latviya ilə qolsuz bərabərliklər.

Nəticə qazanmaq üçün isə qol vurmaq lazımdır. Reykyavikdə bu missiyanı kim öz üzərinə götürəcək? Hücum xətti kağız üzərində güclü görünür – heyətdə Mahir Emreli, Musa Qurbanlı, Nəriman Axundzadə, Renat Dadaşov, Ozan Can Kökçü yer alıb. Amma onların hansı kombinasiya ilə meydana çıxacağı hələlik açıq sualdır – bu, Santuşa ünvanlanmış əsas suallardandır. Üstəlik, səfərdə güclü islandlara qarşı komandanın, əsasən, müdafiəyönümlü oynaması gözlənilir.

Rəqibin heyətində Avropanın aparıcı liqalarında çıxış edən futbolçular var. Ev sahibi komandanın güclü fiziki oyunu seçəcəyi və bu üslubda özlərini çox rahat hiss etdikləri şəksizdir. Seçmə mərhələ ərəfəsində islandlar iyun ayında yoldaşlıq oyunları keçiriblər – Şotlandiyanı 3:1 hesabı ilə məğlub edib, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzublar.

Bu günə qədər Azərbaycan və İslandiya yalnız bir dəfə qarşılaşıb – 17 il əvvəl, 2008-ci ildə yoldaşlıq oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb. Reykyavikdə belə bir nəticənin təkrarlanması çox yaxşı olardı, amma bu ümid zəifdir. Ev sahibi komanda 3 xal qazanmaq niyyətindədir və böyük ehtimalla oyuna üstün tərəf kimi başlayacaq. Azərbaycan millisi isə müdafiə və əks-hücumlarla nəticə əldə etməyə çalışacaq.

Oyunun təşkili baxımından da üstünlük İslandiyadadır. Azərbaycan millisində isə heyət, xüsusilə yarımmüdafiə xətti tez-tez dəyişir. Burada yalnız Emin Mahmudov təcrübəli ad kimi önə çıxır, digər oyunçular isə tez-tez dəyişir.

Buna baxmayaraq, Santuş nikbindir: “Futbolda hər cür nəticə mümkündür. Son oyunlara və toplanışlara əsasən, deyə bilərəm ki, uşaqlar yaxşı işləyir. Bu da müsbət nəticə üçün ümid yaradır”.

Görək Reykyavikdə seçmə mərhələnin startı necə alınacaq. Bundan cəmi 4 gün sonra millimizi Bakıda Ukrayna ilə qarşılaşma gözləyir.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: