Leandro Qomeş: "Altı il Azərbaycanda oynadım, klubların gənclərə sərmayə yatırmaqda maraqlı olmadığını gördüm" - MÜSAHİBƏ

Müsahibə
2 Sentyabr 2025 17:36
55
Leandro Qomeş: "Altı il Azərbaycanda oynadım, klubların gənclərə sərmayə yatırmaqda maraqlı olmadığını gördüm" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının veteran futbolçusu Leandro Qomeş Sportal.az saytına müsahibə verib.

İdman.biz xəbər ki, hazırda Braziliyada məşqçi kimi fəaliyyəti göstərən sabiq forvard Premyer Liqanın səviyyəsi barədə də danışıb.

- Azərbaycanda üç klubda oynamısan. “Bakı” və “Olimpik”(Bakı) artıq fəaliyyət göstərmir. “Karvan” isə artıq bu mövsümdən Premyer Liqaya qayıtdı...

- Bu cür böyük ənənəyə malik klubun Premyer Liqaya qayıtdığını eşitmək məni çox sevindirdi. Yevlaxlı azarkeşlərə görə sevinirəm ki, indi onlar öz stadionunda gözəl oyunları izləyə biləcəklər. Azərbaycan futbolu da “Karvan”ın Premyer Liqaya qayıdışından qazanmış olacaq. Çünki onlar şübhəsiz ki, daha rəqabətli komandaya çevriləcək.

- “Karvan-Yevlax” üç matçda 4 xal toplaya bilib. Bu barədə fikrin necədir?

- Etiraf edim ki, bu günlərdə Azərbaycandakı matçları o qədər də izləmirəm. Amma yeni qayıdan “Karvan-Yevlax” yaxşı mövsüm keçirir, onların matçlarından epizodlara sosial şəbəkələrdən izləyirəm. Ümidvaram ki, liqada həmişə olduğu kimi, yaxşı nəticələr qazanacaq. “Karvan” öz stadionunda məğlub etmək çətin komandadır, ona görə də evdə həmişə qalib gəlmək kimi yaxşı üstünlüyə malikdirlər.

- “Karvan”dakı karyeranı, Yevlaxdakı illəri, oyunları necə xatırlayırsan?

- Mən bunu çox gözəl xatırlayıram. Bu həftə dostumla Azərbaycanda oynadığım son klub olan “Karvan” haqda danışırdım. Yevlaxda daha yaxşı yaşaya bildiyim mədəniyyətdən çox danışdım. Xüsusilə də yeməklərə çox yaxşı uyğunlaşmışdım. Mən çoxlu dostlar qazandım və pərəstişkarlara daha yaxın oldum, çünki bu, kiçik bir şəhərdir. Onlarla həmişə stadiondan kənarda da əlaqə saxlayırdım. Bu, böyük təcrübə idi.

- Azərbaycan Premyer Liqası haqda fikirlərin necədir?

- Liqa yüksək rəqabətlidir, səviyyə yaxşıdır və əcnəbi oyunçuların iştirak etdiyi bir neçə klub var. Altı il Azərbaycanda oynadım, klubların gənclərə, gənclərdən ibarət komandalara sərmayə yatırmaqda maraqlı olmadığını gördüm. Düşünürəm ki, gələcəkdə liqanın daha güclü olması üçün klubların fəaliyyət göstərən gənclər akademiyası olmalıdır. Başa düşdüm ki, Azərbaycanda çoxlu istedadlı oyunçular var, amma onları daha tez inkişaf etdirmək lazımdır.

- “Karvan-Yevlax” son turda “Qarabağ”a uduzdu...

- Futbolda favorit qələbəyə daha yaxın göstərilir. "Qarabağ” daha yaxşı illərini yaşayır. Baxmayaraq ki, bu oyunda “Karvan”ın oyunçuları öz dəyərlərini nümayiş etdirmək imkanı əldə etdilər. Yaxşı oynadılar, amma hər halda "Qarabağ" qələbəni qazandı.

- Azərbaycan millisi sentyabrda iki oyun keçirəcək - İslandiya və Ukraynaya qarşı.Yığma bu matçlarda yaxşı nəticə qazana bilər?

- Bəli, əlbəttə. Biz bilirik ki, bu, böyük oyunçuları olan komandalara qarşı çətin matçlardır. Lakin Azərbaycanın layiqli oyunçuları var. Onlar bu matçlarda nə edəcəyini anlayır, bu iki matçda yaxşı nəticələr əldə etmək üçün savadlı və ağıllı məşqçilər korpusu var. Azərbaycana hər zaman uğurlar arzulayıram. Bu ölkə həmişə ürəyimdədir.

İdman.biz