Abdullah Zubir: “Qol vurandan sonra Qurban Qurbanova tərəf qaçmalıyam” - MÜSAHİBƏ

Müsahibə
28 Avqust 2025 09:54
84
Abdullah Zubir: “Qol vurandan sonra Qurban Qurbanova tərəf qaçmalıyam” - MÜSAHİBƏ

“Qarabağ”ın kapitanı Abdullah Zubir “Ferensvaroş”a qarşı keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra Futbolxeber.az-a müsahibəsi

- 2:3 hesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ” mərhələ adladı. “Ferensvaroş”a qarşı keçirilən cavab oyunu barədə nə deyə bilərsiniz?

- Məğlubiyyətə baxmayaraq, istəyimizə çatdıq. Çox xoşbəxtik. Çox güclü rəqibə qarşı gərgin oyun keçirdik. Meydanda böyük iş gördük. İndi qazandığımız nəticədən həzz almalıyıq.

- Maraqlıdır ki, həmişə olduğu kimi, bu dəfə qol vurduqdan sonra baş məşqçi Qurban Qurbanova tərəf qaçdınız. Bunun xüsusi bir səbəbi var?

- Mən uzun müddətdir buradayam. Baş məşqçimiz hər zaman dəstək olur, mənə güvən verir. Ona görə də qol vurandan sonra düşünürəm ki, məhz Qurban Qurbanova tərəf qaçmalıyam, sevincimi onunla, komanda yoldaşlarımla birgə qeyd etməliyəm. O, buna layiqdir.

- Azarkeşlər belə fikirlər səsləndirirlər ki, Zubir formada olanda “Qarabağ” qarşısıalınmaz olur və hər zaman qalib gəlir. Razısınız bu fikirlə?

- Bu, azarkeşlərin fikridir. Onlara minnətdaram. Mən hər zaman meydanda ən yaxşısını etməyə çalışıram. Fərdi oyunumdan daha çox komandamızın qələbəsi vacibdir. Hər zaman komandamın yaxşı nəticə qazanmasına kömək etmək istəyirəm.

- Azarkeşlərdən söz düşmüşkən, onların “Ferensvaroş”la matçdakı performansını necə qiymətləndirirsiniz?

- Azarkeşlərimiz möhtəşəm idilər. Bu uğura onlarla birlikdə nail olduq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Hər zaman yanımızda olsunlar. Onların dəstəyini hiss etmək çox xoşdur.

- “Qarabağ” artıq ən güclülərin yer aldığı Çempionlar Liqasının Liqa mərhələsindədir. Qarşılaşmaq istədiyiniz hansısa komanda var?

- Fərqi yoxdur. Əsas odur ki, bizi qarşıda böyük oyunlar gözləyir. Güclü komandalarla oyunlardan zövq almaq istəyirik. Çünki əsas bu turnirə vəsiqə qazanmaqdır.

İdman.biz