"Komandamız yeni mövsümə AFFA-nın dövlət tərəfindən ayırdığı vəsaitlə başlayacaq".
İdman.biz xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın Müşahidə Şurasının üzvü Musa Qurbanov deyib.
2014-cü ildən I Liqada yarışan əyalət klubunun önəmli şəxsi sponsorluqla bağlı danışıqların nəticəsiz qaldığını söyləyib.
Tanınmış futbol adamı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun doğma rayonun klubuna dəstək olmağa çalışdığını, lakin prosesin dalana dirəndiyini qeyd edib: "Mən də bilmədim niyə belə oldu. Vüqar müəllim istəyirdi ki, "Zaqatala" bu vəziyyətdən çıxsın, iddialı olsun. O, əlindən gələni etdi. Dediyi şirkətlərlə görüşməli idik. Bu barədə şifahi söhbət getmişdi. Nədənsə həmin şirkətlərdən sonradan bir xəbər çıxmadı. Biz də gördük ki, daha danışmağın mənası yoxdur. Futbol onlara maraqlı sahə kimi gəlsəydi, özləri hansısa addım atardılar. Açığı, biz son günlərə kimi çox ümidli idik. Böyük planlar qurmuşduq. Zaqatala Ollimpiya Kompleksinin stadionunun meydançasını dəyişmək istəyirdik. O qazonun istifadə müddəti çoxdan bitib. Ümumiyyətlə, orada görülməsi vacib işlər çoxdur. Paltardəyişmə otaqları da təmir edilməlidir. İndi gərək əvvəlki büdcə ilə komanda quraq. Bu da hədsiz müşkül məsələdir. Qiymətlər hər il nə qədər qalxır, klublara ayrılan büdcə isə dəyişmir. Xərclər ilbəil çoxalır, necə olacaq, özümüzə də qaranlıqdır. Bütün yük Müşahidə Şurasının sədri Şaban Şirdanovun üzərinə düşüb. Şaban müəllim həqiqətən əziyyət çəkir, özünü ora-bura vurur ki, kimsə komandaya kömək olsun".
İdman.biz