Sevinc Cəfərzadə: "Ən böyük arzularımızdan biri Xankəndi stadionunda oyun keçirməkdir"

Xəbərlər
22 Avqust 2025 13:28
36
Sevinc Cəfərzadə: "Ən böyük arzularımızdan biri Xankəndi stadionunda oyun keçirməkdir"

"Öncə qeyd etmək istəyirəm ki, o yerlərdə olmaq bizi yalnız qürurlandırmadı, həm də kədərləndirdi. Çünki orada şəhidlərimizin izləri var. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə “Zəfər yolu” sosial layihəsi çərçivəsində işğaldan azad olunmuş torpaqlara səfər etmələri barədə danışarkən deyib.

Yığmanın hücumçusu səfər təəssüratlarını bölüşüb: “1-ci Qarabağ müharibəsində əsir düşmüş soydaşlarımızın çıxışlarına baxmışam. Onların danışdıqlarını eşitmiş, Qarabağda xalqımızın başına gətirilən dəhşətli hadisələri vətəndaş olaraq yaxından izləmişəm. Orada olduğum müddətdə gözümün önündə həmin anlar, eləcə də xüsusi təyinatlılarımızın Şuşanın azad edilməsi zamanı qayalara əlləri ilə dırmaşaraq döyüşmələri canlanırdı. Bu, çox əzəmətli və qürurverici hissdir. Füzuli və Ağdam rayonlarında erməni vandalizminin izləri açıq-aşkar görünür. Deyərdim ki, həmin torpaqların hətta ağacları da ermənilər tərəfindən talanıb. Bunu görmək hər birimizi dərindən üzür. Amma sevindirici haldır ki, Prezident İlham Əliyevin göstərişi ilə Qarabağda bərpa işləri gedir, oraya həyat qayıdır. Yeni salınan kəndləri, insanların qayıdışını görmək qürurvericidir. Orada həm də doğmalıq və mehribanlıq hiss etdim. Biz çox güclü və mərd xalqıq. İstənilən sahədə özümüzü sübut etmişik. Bəzən zaman tələb olunur, amma biz həmişə istəyimizə nail olmuşuq. Xalq olaraq ən böyük qələbəmiz isə Qarabağın işğaldan azad edilməsidir”.

O, milli komandanın yaxın zamanda Xankəndi şəhər stadionunda oyun keçirəcəyinə ümid etdiyini söyləyib: “Bu, bizim ən böyük arzularımızdandır. Ümid edirəm ki, səlahiyyətli qurumlar yığmanın oyunlarının Qarabağda – Xankəndidə keçirilməsi üçün dəstək göstərəcək. Sonda bizə bu qələbəni yaşadan, torpaqlarımızı geri qaytaran, sağlamlığını, qanını, canını bu yolda fəda edən hər kəsə minnətdarlığımı bildirirəm”.

İdman.biz