"İlk oyun həmişə çətin olur. Meydanda bərabər mübarizə getdi. Bu gün 1 xal qazandıq. "Qəbələ"yə uğurlar arzulayıram. Mənim məşqçi olmağımda bu klubun əməyi böyükdür".
İdman.biz xəbər verir ki, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının 1-ci turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında deyib.
- Premyer Liqada məşqçi kimi debüt etdiniz. Hissləriniz necədir?
- Hər rəqibə qarşı əzmkar oynayan komanda formalaşdırmağa çalışmışıq. Futbolçu vaxtı neçə olmuşamsa, məşqçi kimi də eləyəm. Futbolçulara aşılayıram ki, rəqibdən çəkinməsinlər. Şükürlər olsun ki, bu gün 1 xal qazandıq.
- Araz Abdullayev oynamağa hazırdır?
- Rəqib Arazı start heyətində gözləyə bilərdi. Buna görə onu ilk 11-likdə oynatmadıq. İndi tam hazır deyil. Gələcəkdə daha yaxşı formada olacaq.
- "Karvan"ın hədəfi nə olacaq?
- Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və rəqiblərdən çəkinməyən, əzmkar komanda formalaşdırmaqdır. Bacardığımız qədər daha yüksək yerdədə olmağa çalışacağıq.
- Əlinizdə olan heyətlə hədəfə çatmaq mümkün olacaq?
- Düşünürəm ki, olacaq. Heç kim deyə bilməz ki, "Karvan"ı asanlıqla məğlub edəcəyik.
- Qapıçının performansını necə dəyərləndirirsiniz?
- Tək qapıçı yox, futbolçularımız hamısı yaxşı oynadılar. Çempionat uzun marafondur, digər qapıçılara da şans düşəcək.
İdman.biz