Azərbaycan komandalarından ayrılan klubsuz futbolçular

Xəbərlər
10 Avqust 2025 19:43
47
Azərbaycan komandalarından ayrılan klubsuz futbolçular

Ötən mövsüm başa çatandan sonra Azərbaycan klublarından ayrılan legionerlərin bir çoxunun yeni iş yeri müəyyənləşib. Lakin elələri var ki, hələ də karyerasını hansı ölkədə davam etdirəcəyini bilmir.

İdman.biz "Sportinfo"ya istinadən xəbər verir ki, bu siyahıda yer alan oyunçular arasında “Qarabağ”dakı parlaq karyerası ilə məşhurlaşan Marko Veşoviç də var.

Monteneqro millisinin üzvü daha yaxşı pul qazanmaq niyyəti ilə axtarışdadır.

“Zirə”ni tərk edən Pyer Zebli və Yusuf Laval da hələ ki, heç bir klubla müqavilə bağlamayıblar.

“Araz-Naxçıvan”ın Konfrans Liqasına vəsiqə qazanmasında payı olan Miço Kuzmanoviç, Sezar Meza Kolli və Bernardo Dias (Benni) da yeni macəra axtarışındadırlar.

“Turan Tovuz”un yollarını ayırdığı əcnəbilərdən bəziləri hələ də işsizdir. Siyahıda Kauan Martins, Alexandro Serrano və Kristian da Silvanın adları var.

“Neftçi”dən gedən çoxsaylı legionerlərdən Dembo Darbo ilə Rafael Quzzo hazırda klubsuzdur. Höccət Haqverdini gəlmələrin sırasına qatsaq, bəli, o da yaxşı qazanmaq üçün axtarışlarını davam etdirir.

Ötən mövsüm “Şamaxı”da oynamış Maykl Tuik də klubsuzdur.

“Sumqayıt”dan ayrılanlardan yalnız Miloş Miloviçə ehtiyac duyan yoxdur. Digər altı legionerin hamısı özünə yeni klub tapıb.

Adil Şükürovun gəlişindən sonra “Kəpəz”lə yolları ayrılan yeddi əcnəbidən yalnız Valdemar Almeydanın (Pana) gözləri yolda qalıb.

Beləliklə, yayda Premyer Liqa klublarının vidalaşdığı 50-yə yaxın əcnəbidən on beşi hazırda axtarışdadır. Kimisi pul dalınca qaçır, kimisi də daha yaxşı liqada oynamaq arzusu ilə gözləyir. Bəziləri isə heç kimə lazım deyil.

İdman.biz

Məqalədə: