“Turan Tovuz”un hücumçusu Sadiq Şəfiyevin Futbolinfo.az-a müsahibəsi
– Türkiyə toplanışı necə keçdi? Yoxlama oyunları və ümumi hazırlıq prosesi haqda nə deyə bilərsiniz?
– Toplanış çox yaxşı keçdi. Komanda şəklində həm fiziki, həm də taktiki baxımdan ciddi hazırlaşdıq. Yoxlama matçlarında gücümüzü sınadıq. Həm məşqlərdə, həm də oyunlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq.
– Heyətdəki dəyişikliklər komandaya necə təsir edəcək? Yeni transferlərdən hansının potensialı sizi daha çox təəccübləndirdi?
– Heyətdəki dəyişikliklər komandaya yeni nəfəs gətirə bilər. Yeni transferlər komandamız üçün çox önəmlidir. Kimisə xüsusi qeyd etmək istəmirəm. Hər biri öz mövqeyində keyfiyyətli və təcrübəli futbolçulardır.
– Ölkə çempionatının 2025/2026 mövsümünün ilk turunda “İmişli” ilə üz-üzə gələcəksiniz. Yeni sezona qələbə ilə start verə biləcəksiniz?
– Komandamız yeni mövsümə qələbə ilə başlamağa tam hazırdır. İlk oyunun çətin keçəcəyini bilirik, amma biz gücümüzə inanırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.
– Ötən mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməmişdiniz. Sizcə, yeni sezonda komanda bu missiyanın öhdəsindən gəlməyi bacaracaq?
– Təəssüflər olsun ki, ötən mövsümün yekununda avrokuboklara vəsiqə əldə edə bilmədik. Lakin bu mövsüm avrokuboklara yollanmaq üçün daha artığını edəcəyik. İnanıram ki, bu tapşırığın öhdəsindən gəlməyi bacaracağıq.
– Yeni mövsümdə fərdi olaraq qarşınıza hansı hədəfi qoymusunuz? Daha çox oyun şansı qazanacağınıza inanırsınız?
– Məşqlərdə öz üzərimdə çox çalışıram. İstəyirəm ki, həm fərdi, həm də komanda səviyyəsində uğurlu mövsüm olsun. Əlbəttə, istəklərimdən biri daha çox oyun şansı qazanmaqdır. Buna nail olacağıma inanıram.
– Hazırda Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işləri aparılır. Təbii ot örtüyünün salınması prosesi oktyabr ayının sonuna kimi tamamlanacaq. Süni örtükdən təbii örtüyə keçmək “Turan Tovuz”un çıxışına nəzərəçarpacaq dərəcədə müsbət təsir edəcəkmi?
– Əlbəttə, təsir edəcək. Düşünürəm ki, təbii ot örtüyünə keçəndən sonra daha yaxşı oyunlar sərgiləyəcəyik.
İdman.biz