UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” - “Şelburn” (İrlandiya) cütünün favoriti Ağdam klubudur.
İdman.biz xəbər verirki, bu barədə “Report”a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə bildirib.
O, “Qarabağ”ı çətin oyun gözlədiyini söyləyib: “Qarabağ”ın artıq bir üslubu və fəlsəfəsi var. Rəqibi də, böyük gücə sahib deyil. Amma bu, “Qarabağ”ın böyük hesabla qələbə qazanacağı anlamına gəlmir. Çünki rəqib Avropa futbolunun nümayəndəsidir və ən azı intriqanı növbəti oyuna saxlamağa çalışacaq. Ona görə də “Qarabağ”ı çətin oyun gözlədiyini deyə bilərəm. Üstəlik, səfərdə azarkeş təzyiqi məsələsi var. Ümumilikdə “Qarabağ” üstündür. Amma komandanın axsayan tərəfləri də var - heyətə yeni oyunçular qatılıb. Onlar fəlsəfəyə tez uyğunlaşacaqlar, yoxsa vaxt tələb olunacaq? Bu məsələ oyunun gedişatına təsir göstərə bilər. Düzdür, komanda hazırlıq oyunlarında çoxlu qollar buraxdı və vurdu. Amma bu, müdafiədəki problemlərlə deyil, oyunlar zamanı həyata keçirilən rotasiyalara görə də ola bilər. Yəni düşünmürəm ki, müdafiədə sıxıntılar var. Çox güman, Qurban Qurbanov futbolçuların potensialını tam görmək üçün müəyyən addımlar atıb. İstənilən halda, düşünürəm ki, “Qarabağ” cütün favoritidir”.
Qeyd edək ki, “Şelburn” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də Dublindəki “Tolka Park” stadionunda start götürəcək.
İdman.biz