"Araz-Naxçıvan"ın hücumçusu: "Aris" səddini keçmək istəyirik - MÜSAHİBƏ

Müsahibə
14 İyul 2025 17:41
43
"Araz-Naxçıvan"ın hücumçusu: "Aris" səddini keçmək istəyirik - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərovun Sportal.az saytına müsahibəsi

- “Araz-Naxçıvan”ın toplanışı davam edir. Hazırda məşqlər necə gedir, sizi narahat edən nəsə var?

- Bəli, toplanışımız yaxşı gedir. Gündə 2 dəfə məşq edirik. Hər şey qaydasındadır, bizi narahat edən nəsə yoxdur. Yeni mövsümün hazırlıqlarına davam edir.

- Komanda ilk yoxlama görüşündə “Bayburtspor”a 14:0 qalib gəldi. “Alanyaspor”la ilə isə 0:0 oynadınız. Superliqa klubuna qarşı görüş daha həyəcanlı idi?

- Əlbəttə ki, Superliqa komandasına qarşı oynamaq daha yaxşıdır. Belə matçlarda gücümüzü sınamaq bizim üçün yaxşıdır. Hər iki görüşdə də əlimizdən gələni etdik.

- “Araz-Naxçıvan” bu yay transfer bazarında ən aktiv klub idi, heyət də gücləndi. İndiki “Araz-Naxçıvan” ötən mövsümkü komandadan daha güclüdür?

- Təbii ki, yaxşı transferlər etmişik. Yeni gələn futbolçular da artıq komandaya adaptasiya olur. Düzdür, ötən mövsüm komanda olaraq yaxşı iş ortaya qoymuşduq. Amma bunu unutmaq lazımdır. Yeni mövsümə köklənmək gərəkdir. Düşünürəm ki, 2025/2026 mövsümündə “Araz-Naxçıvan” daha yaxşı olacaq.

- Yeni mövsüm Premyer Liqada legioner limiti tətbiq olunmayacaq, sizin komandada isə rəqabət yüksəkdir. Şəxsən özünün oynamaq şanslarını necə dəyərləndirirsən?

- Limitlə bağlı nəsə deməyim düzgün çıxmaz. Çünki artıq qərar verilib. Artıq rəqabətin olması çox yaxşıdır. Kim yaxşıdır, kim formada olacaq, o da oynayacaq.

- Toplanışda son rəqibiniz “Trabzonspor” olacaq. Yoxlama görüşü olsa belə, bu matç haqda fikrin necədir? “Aris” oyunuöncəsi son matçınız olacaq. “Trabzonspor”la görüş “Aris”lə oyuna nə qədər hazır olduğunuzu göstərəcək...

- “Aris” oyunu öncəsi “Trabzonspor” kimi komanda ilə yoldaşlıq oyunu oynamaq əlbəttə ki, çox yaxşıdır. Düşünürəm ki, “Aris”lə matça qədər tam hazır olacağıq. İndi bütün fikrimiz məşqlərdə və növbəti görüşlərdədir.

- Futbol ictimaiyyətində avrokuboklardakı təmsilçilərimizdən mərhələ adlamaq şansı ən az görülən “Araz-Naxçıvan"dır. Səncə, “Aris" səddini keçə biləcəksiz?

- Komanda olaraq “Aris”lə matça köklənmişik. Mərhələ adlamaq istəyirik. Şansları necə dəyərləndirməyimə gəldikdə, futboldur da, hər şey ola bilər. “Aris”lə matçlarda şanslarımızı 50/50 kimi dəyərləndirirəm. Oyuna qədər tam hazır olub “Aris” səddini keçmək istəyirik. Ümidvaram ki, hər şey yaxşı olacaq.

- “Aris" haqda heç özün maraqlanmısan?

- Məşqçilər korpusumuz “Aris” haqda bizə məlumatlar verir. Biz özümüz də onların oyunlarını izləyib, analiz edirik.

İdman.biz