PFL rəsmisi: "Bu, Azərbaycan futbolunun arxivi üçün də önəmlidir"

Xəbərlər
28 İyun 2025 15:21
35
PFL rəsmisi: "Bu, Azərbaycan futbolunun arxivi üçün də önəmlidir"

“İstər Premyer Liqada, istər digər liqalarda oyun bitdikdən cəmi 10 dəqiqə sonra icmallar artıq yutub kanalımızda yer alır. Burada oyunun Bakıda və ya ən ucqar zona olan Zaqatalada keçirilməsi fərq etmir. Belə bir sistem qurmuşuq ki, artıq operatorların gəlməsinə, montajorun onu gözləməsinə ehtiyac yoxdur. Demək olar ki, 10-15 dəqiqədən sonra bizdə icmallar saytda yerləşdirilir”.

İdman.biz xəbər verir ki, bu barədə Teleqraf-a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

Abdullayev 104 min izləyiciyə malik rəsmi yutub kanalında operativ sistem yaradılmasından danışıb: “PFL-in 2 yutub kanalı var. Sevindirici məqam odur ki, izləyici və abunə sayı durmadan artır. Artıq yutub bizə AzPFL kanalı ilə bağlı gümüş plaket də göndərib. Hələlik yutub kanalımızın fəaliyyəti, statistikası məni qane edir. Azərbaycan futbolunda, Azərbaycan idmanında, demək olar ki, ən öndə gedən kanallardan biridir – həm statistika, həm operativlik baxımından. Özünüz də bunun şahidi ola bilərsiniz. Bundan əlavə, bütün oyunlar demək olar ki, canlı yayımlanır - həm Premyer Liqa, həm I Liqa/II Liqa kanallarında”.

Qurum rəsmisi bu kanalı təkmilləşdirmək, əlavə verilişlər açmaq planınından da söz açıb. Onun sözlərinə görə, bu, maliyyə səbəbindən müəyyən zaman ala bilər: “Təbii ki, bununla bağlı çox böyük planlarımız var. Amma müəyyən məsələlər maliyyə tələb edir, kadr potensialımız ona imkan verməlidir. İzləyici kütləmiz hər il durmadan artır. Düşünürəm ki, bu Azərbaycan futbolunun arxivi üçün də önəmlidir. Gənc futbolçular üçün də böyük bir stimuldur, şansdır. Razılaşın ki, hazırda ulduz olmuş yerli futbolçuların gənclik illərindən görüntülər tapmaqda çətinlik çəkirik, əlimizdə yoxdur. Amma bu kanalın bizə gələcəkdə çox böyük faydası olacağını görəcəyik”.

İdman.biz