"Premyer Liqaya vəsiqə qazanan "İmişli" baş məşqçi postuna portuqaliyalı mütəxəssis gətirib. Klubun imkanları elə də yüksək deyil. Əgər büdcələri yaxşı olsaydı, stadionla bağlı AFFA-dan kömək istəməzdilər".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a futbol mütəxəssisi Yaşar Seyidov deyib.
Təcrübəli mütəxəssis elitaya vəsiqə qazanan "İmişli"nin baş məşqçi postuna portuqaliyalı Xorxe Kaskilyanın dəvət olunmasına münasibət bildirib: "AFFA tərəfindən verilən pulu xarici mütəxəssisə xərcləmək qadağan olunmalıdır. Dövlət çətin durumda olan futbolumuzun inkişafına kifayət qədər dəstək verir. Çox təəssüf ki, inkişaf üçün nəzərdə tutulan həmin vəsait futbolumuza fayda verməyən əcnəbi məşqçi və legioner futbolçulara sərf olunur. Bunların hamısı klublarda idarəçilərin qeyri-peşəkar olmasındandır. Hamı dövlətin verdiyi vəsaitə gözünü dikib. AFFA tərəfindən bunlara son qoyulmalıdır. Futbolun İnkişafı Fondu da nəzarət etməlidir. FİF və klublar arasında imzalanan müqavilədə nəzərdə tutulmalıdır ki, dövlət tərəfindən verilən vəsait xarici futbolçu və baş məşqçilərə verilməsi qadağan olunsun. Həmin vəsait klubun sponsorları tərəfindən ödənilməlidir. Əgər qərar qəbul olunmasa, qeyri-peşəkar insanlar dövlətin pulunu lazımsız yerə xərcləməkdə davam edəcəklər".
Qeyd edək ki, Xorxe Kasqilyaya indiyədək "Santa Maria", "Valdevez", "Merelinense", "Moreyrense", "Leyxoeş", "Uniao Leyria", "Akademiko Viseu", "Uniao Madeyra", "Jil Visente", "Kova Piedade" və "Trofense" klublarını çalışdırıb.
İdman.biz