Siyasət Əsgərov: “Belarus üzərində qələbə çətin durumdan çıxmaq üçün stimul olacaq"

Xəbərlər
21 İyun 2025 17:05
29
Siyasət Əsgərov: “Belarus üzərində qələbə çətin durumdan çıxmaq üçün stimul olacaq"

Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov nəzərdə tutulan təlim-məşq toplanışı və Belarusa qarşı keçirəcəkləri yoxlama görüşlərini dəyərləndirib.

İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə “Report”a açıqlama verib.

O, iyunun 25-dən start verəcəkləri toplanışa gənc futbolçular dəvət edildiyini deyib:

“Zədəli oyunçularımız var. Təəssüf ki, Kristina Bakarandze klubunda aldığı zədədən sonra son toplanışa qoşula bilmədi. Həmçinin Əsra Manya və Jalə Məhsimova da zədə alıblar. Bu futbolçuların yoxluğu həqiqətən komandaya təsir edir. Sevindirici hal odur ki, Nazlıcan Parlak qayıdıb. Çünki vərəqə cəzalısı olduğu üçün son toplanışa qatılmamışdı. Bəzi oyunçular var ki, son məşqlərə dəvət almırdı. Buna baxmayaraq, onları izləyirdik və özlərini yaxşı tərəfdən göstərdikləri üçün geri qaytarmışıq. Bəziləri isə Rusiyada fərqli sistem olduğuna görə kollektivə gec qoşulmuşdular. Ümid edirəm ki, itkilərin yerini doldura biləcəyik. Gənclərlə bağlı böyük siyahımız vardı. Aralarından ən yaxşılarını seçib dəvət etdik və məşqlərdə yoxlamaq istəyirik. Yeganə problemimiz bu ola bilər ki, Türkiyədə çempionat bitib. Yəni bu ölkədən gələn futbolçular oyun praktikasından uzaqdırlar. Düzdür, özləri fərdi məşq edirlər. Amma praktika azlığı olanlar hər dəfə məşqlərə gələndə problem yaşayırıq. Düşünürəm ki, bunun da öhdəsindən gələ biləcəyik”.

Baş məşqçi hazırlıq zamanı yoldaşlıq görüşü keçirəcəkləri Belarus yığması üzərində qələbənin vacibliyini vurğulayıb: “Rəqib həmişə B səbətində yer alan komandalardandır. Bu il qrupları çox çətin oldu. Ona görə də C səbətinə düşdülər. Amma rəqibin gücü bəllidir. Oyunçularının əksəriyyəti Rusiya çempionatında çıxış edirlər ki, bu yarışın da səviyyəsi bəllidir. Əslində, həmişə öz oyunçularımıza məsləhət görürük ki, Rusiya klublarına getsinlər. Çünki orada komandalara həqiqətən peşəkar yanaşırlar. Belarusu təhlil etmişik, hər fazada planlı oyunları ilə seçilirlər. Əsasən iki sistemdə çıxış edirlər. Həm beşli, həm də dördlü müdafiə planları var. Açığı, son uğursuzluqlardan sonra yoldaşlıq görüşlərində nəticə bizim üçün çox önəmlidir. Uğursuzluqdan nəticə çıxarmalıyıq. Səhvlərimizi təhlil etmişik və hazırlıq zamanı futbolçulara bu barədə məlumat veriləcək. Ona görə də qələbə bizim üçün düşdüyümüz çətin durumdan çıxmaq üçün stimul olacaq”.

Əsgərov qarşıdakı planlardan danışıb: “Milli UEFA-nın müəyyənləşdirdiyi bəlli bir vaxtda hazırlıq keçir. Oktyabrda və noyabrda növbəti “pəncərə”lər olacaq. UEFA Millətlər Liqasında pley-offa vəsiqə qazana bilməyənlər bu “pəncərələr”də yoldaşlıq görüşü keçirə bilərlər. Biz də bunu dəyərləndirməyə çalışacağıq. Dekabrda isə dünya çempionatının püşkatma mərasimi olacaq. Təəssüf ki, yarışa C səbətindən qoşulacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Komanda hazırlıq müddətində yerli yığma ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Tərəflər iyunun 28-də və iyulun 1-də üz-üzə gələcəklər.

İdman.biz