"Neftçi"nin sabiq qolkiperi: "Zirə" daha əvvəl belə atmosfer yaşamayıb"

Xəbərlər
21 İyun 2025 11:38
38
"Neftçi"nin sabiq qolkiperi: "Zirə" daha əvvəl belə atmosfer yaşamayıb"

"Məncə, "Hayduk" cütün favoritidir. Amma bu, o qədər də önəmli deyil".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin sabiq qapıçısı İvan Brkiç deyib.

Hazırda Polşa təmsilçisi "Motor"un formasını geyinən 29 yaşlı qolkiper UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Hayduk" (Xorvatiya) dueli ilə bağlı fikirlərini bölüşüb.

Xorvatiyalı oyunçu Split təmsilçisinin son illərdə Avropada özünü çox göstərə bilmədiyini söyləyib: "Komanda bəzən çox aşağı səviyyəli klublara məğlub olub. "Zirə" Marko Livayaya qarşı diqqətli olmalıdır. O, məncə və bir çoxlarının düşüncəsinə görə dünya səviyyəli futbolçudur".

Brkiç "Hayduk" azarkeşlərinin gözəl atmosfer yaratdıqlarını sözlərinə əlavə edib: "Düşünürəm ki, "Zirə" daha əvvəl belə atmosfer yaşamayıb".

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 23-də "Neftçi Arena"da, cavab oyunu isə 31-də Split şəhərindəki "Polyud" stadionunda reallaşacaq.

İdman.biz