Hakim tarixə düşüb - o, ilk dəfə "8 saniyə" qaydasını tətbiq edib

Xəbərlər
18 İyun 2025 18:58
33
Hakim tarixə düşüb - o, ilk dəfə "8 saniyə" qaydasını tətbiq edib

Futbol üzrə klublararası dünya çempionatı qrup mərhələsinin 1-ci turunda keçirilən “Ulsan” – “Mamelodi Sandauns” matçının (0:1) 83-cü dəqiqəsində hakim Kleman Türpen turnirin tarixində ilk dəfə yeni “8 saniyə” qaydasını tətbiq etdi və Cənubi Afrika klubunun qapıçısı Ronuen Uilyamsı künc zərbəsi ilə cəzalandırdı.

İdman.biz xəbər verir ki, qapıçı topu əlində çox saxlayaraq oyuna daxil etməyə tələsmirdi.

Fransalı hakim saniyələri saymağa başlayıb, daha sonra fitini səsləndirərək korner təyin etdiyini göstərib.

Bu qayda dəyişiklikləri bu il qüvvəyə minib və martın 1-də Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənib. Əgər qapıçı topu 8 saniyədən artıq müddətdə oyuna daxil etmirsə, hakim onu künc zərbəsi ilə cəzalandıra bilər. Saniyələrin hesabı top qapıçının tam nəzarətinə keçdiyi anda başlayır və ətrafında müdaxilə edən rəqib yoxdursa, say davam edir. Son 5 saniyəni isə hakim elə saymalıdır ki, qapıçı bunu aydın şəkildə görə bilsin.

İdman.biz